Xəbərlər

Dövlət Reklam Agentliyinin nümayiş etdirdiyi innovativ yeniliklər böyük marağa səbəb olub

5 Dekabr 2018, 00:00

     Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”-də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi  tətbiq etdiyi innovativ yenilikləri nümayiş etdirib.  

     Sərgidə ilk dəfə iştirak edən Agentlik reklam daşıyıcılarının onlayn qeydiyyat sistemini təqdim edib. Sistem Agentliyin rəsmi internet saytının tərkib hissəsi olaraq sahibkarları reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, daşıyıcıların qeydiyyatı üçün vaxt sərfini azaltmaq məqsədi daşıyır.  Digər bir yenilik məsafədən ölçmə cihazı ilə bağlıdır. Bu cihazlar ADRA-nın sifarişi əsasında Azərbaycanda istehsal olunur və istənilən reklam qurğusunun səthini məsafədən dəqiq ölçmək imkanı yaradır. Nümayiş etdirilən daha bir yenilik isə ADRA üçün xüsusi hazırlanmış açıq məkanda reklam daşıyıcılarını 360° təsbit edən texnologiyalar olub. Bu qurğular reklam daşıyıcılarına nəzarəti asanlaşdıracaq. Müfəttişlər ofisdən kənara çıxmadan bütün reklamların qeydiyyatına nəzarət edə biləcəklər.

     Dövlət Agentliyinin stendi böyük marağa səbəb olub. Sərgi iştirakçılarını maraqlandıran suallar ADRA-nın əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. Qeyd edək ki, XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi 7 dekabradək davam edəcək.

Digər xəbərlər