Xəbərlər

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

22 Fevral 2019, 05:57

    Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən agentliyin direktoru Aydın İbadov bildirib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırım siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırım siyasətinin ən qanlı səhifəsidir. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verilib. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Prezident cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

     Daha sonra Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri çıxış edərək qeyd edib ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilib. Cinayət cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

     Tədbirdə çıxış edən Dövlət  Reklam Agentliyinin Monitorinq və Nəzarət şöbəsinin Analitik təhlil sektorunun müdiri Soltan Məmmədov isə vurğulayıb ki, Xocalı soyqırımı xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı zəruri cəza tədbirləri tətbiq edilməlidir. Bu soyqırım aktına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır.

Digər xəbərlər