Xəbərlər

Açıq məkandakı reklamlara baxış sayını müəyyənləşdirən texnologiya tətbiq edilə bilər

7 Mart 2019, 00:00

    ADRA açıq məkandakı reklamlara baxış sayını müəyyənləşdirən texnologiyanın tətbiqini nəzərdən keçirir.  Bu haqda razılıq agentliyin nümayəndə heyətinin Türkiyəyə etdiyi işgüzar səfər zamanı əldə olunub. Qabaqcıl dünya təcrübəsi və reklam sahəsində beynəlxalq yeniliklərlə tanış olmaq məqsədilə agentliyin Monitorinq və nəzarət şöbəsinin müdiri Emin Baxşəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində bir sıra əhəmiyyətli görüşlər keçirib. Nümayəndə heyətinin qatıldığı toplantılarda hər iki ölkənin reklam bazarında tənzimləmə prosesi, bu sahənin inkişafı yolları, eləcə də qarşılıqlı fikir mübadilələri aparılıb. Reklam sahəsində rəqəmsal texnologiyaya keçid, innovativ yeniliklərin tətbiqi, həmçinin açıq məkanda reklamların yayım effektivliyinin artırılması üsulları və s. mövzularda  müasir standartlar nəzərdən keçirilib. Görüşlərdə Türkiyə nümayəndələrinə ADRA, onun fəaliyyəti  və ölkənin açıq məkanda reklam mühiti barədə ətraflı məlumat verilib, pesrpektivlər və planlar barədə danışılıb. Gələcəkdə bu sahəyə dair müştərək seminar və təlimlərin keçirilməsi qərara alınıb. İstanbul Böyük Şəhər Bələdiyyəsi nəzdindəki qurum rəsmiləri ilə görüşdən sonra ADRA təmsilçiləri reklam daşıyıcılarının istehsalı ilə məşğul olan zavodu ziyarət ediblər.

     Qeyd edək ki, reklam sahəsinə aid beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi üçün ADRA nümayəndələrinin bir sıra xarici ölkələrə səfərləri planlaşdırılır.

Digər xəbərlər