Xəbərlər

III Regional forumda ADRA nümayəndəsi sahibkarların suallarını cavablandırıb

8 Aprel 2019, 00:00

       Aprelin 6-da Ağstafa rayonu Heydər Əliyev Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III Regional forum keçirilib.

    Forumda çıxış edən Dövlət Reklam Agentliyinin Gəncə Regional İdarəsinin şöbə müdiri Mətləb Məmmədov tədbir iştirakçılarına açıq məkanda reklam yerləşdirilməsi qaydaları, reklam qurğuları, reklam hesab edilməyən lövhələr barədə məlumat verib. Açıq məkandakı reklamlara nəzarətdən danışan şöbə müdiri Agentlik yarandığı gündən indiyədək daha effektiv reklam yayımının həyata keçirilməsi üçün aparılan maarifləndirmə işlərindən, sahibkarlara verilən metodiki tövsiyələrdən, qanunvericiliyin tələblərinə cavab verməyən reklamlar və onların yayımının aradan qaldırılması üçün mövcud qanunvericiliyin tələblərindən söz açıb.

  Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən forumda rayonların icra başçıları və onların nümayəndələri, sahibkarlar, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri də iştirak ediblər. Çıxışlar zamanı  məlum olub ki, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların yarısı aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 min 600 nəfər vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda yaradılan sahibkarlıq subyektləridir.

    Forum Ağstafa rayonundakı bir neçə müəssisəyə təşkil olunan səfərlə başa çatıb.

Digər xəbərlər