Xəbərlər

Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradıldı

20 May 2019, 15:30

Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər.

 

   Azərbaycan Respublikası Prezidentinin 6 may 2019-cu il tarixli Fərmanının icrası olaraq, açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Dövlət Reklam Agentliyinin Apellyasıya Şurası yaradılmışdır.

   Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında qurmaqla, sahibkarların müraciətlərinə operativ və obyektiv şəkildə baxan kollegial orqandır.

    ADRA-da Şuranın yaradılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən Şuranın və onun Katibliyinin üzvləri müəyyən olunmuşdur. 20 may 2019-cu il tarixdə Dövlət Reklam Agentliyində Şura sədrinin rəhbərliyi ilə Şuranın ilk iclası keçirilmiş, Şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, şikayətlərə baxılması mexanizmləri barədə Şura üzvləri, onun Katibliyi və ADRA-nın müvafiq struktur bölmələrinin rəhbərləri məlumatlandırılmış və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti tapşırıqlar verilmişdir.

   Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaqdır.

 

Digər xəbərlər