Əsasnamə

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

İcazə və razılaşdırma şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan İcazə və razılaşdırma şöbəsi (bundan sonra – Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində respublika əhəmiyyətli avtomobil yollarının torpaq sahəsində yerləşən, həmçinin fəaliyyəti Agentliyin bir idarəsinin ərazi aidiyyətindən daha geniş inzibati rayonları (şəhərləri) əhatə edən reklam yayıcılarına münasibətdə reklam yayımı sahəsində icazələrin verilməsi, icazə müqavilələrinin bağlanması, onların ekspertizası və uçotunun, reklam qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı inzibati xətalara dair icraatın aparılması sahələrində işlərin tənzimlənməsini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin Müşahidə Şurasının qərarlarını və direktorunun (bundan sonra – direktor) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi respublika əhəmiyyətli avtomobil yollarının torpaq sahəsində yerləşən, həmçinin fəaliyyəti Agentliyin bir idarəsinin ərazi aidiyyətindən daha geniş inzibati rayonları (şəhərləri) əhatə edən reklam yayıcılarına münasibətdə reklam yayımı sahəsində (bundan sonra – müvafiq sahədə) icazələrin verilməsini, icazə müqavilələrinin bağlanmasını, onların ekspertizası və uçotunun, reklam qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı inzibati xətalara dair işlər üzrə icraatın aparılmasını təmin etməkdir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. açıq məkanda reklam yayımı sahəsində icazələrin verilməsinin dövlət tənzimləməsi mexanizminin hazırlanması, əsas istiqamətlərinin formalaşdırılması və həyata keçirilməsində iştirak edir, bu barədə təkliflər verir;

2.2.2. Agentliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin hazırlanmasında iştirak edir;

2.2.3. dövlət orqan və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin açıq məkanda reklam yayımına icazə verilməsi üzrə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı tədbirlər görür;

2.2.4. müasir informasiya-kommunikasiya texnologiyaları və innovasiyalar tətbiq edilməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılmasında iştirak edir;

2.2.5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada ölçülərindən asılı olmayaraq müvafiq sahədə reklam qurğularının tikintisinə, quraşdırılmasına, istismarına və onlara konstruktiv dəyişikliklərin edilməsinə icazə verilməsi ilə bağlı tədbirlər görür;

2.2.6. reklam yayıcısının təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, həmin sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə reklam yayıcısına bildiriş təqdim olunmasını (göndərilməsini) təmin edir;

2.2.7. reklam yayıcısı bu Əsasnamənin 2.2.6-cı yarımbəndində göstərilən çatışmazlıqları qanunvericiliklə müəyyən edilmiş müddətdə aradan qaldırmadıqda, ərizənin baxılmamış saxlanılması haqqında inzibati aktın qəbul edilməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir və bu barədə məlumatın reklam yayıcısına təqdim olunmasını (göndərilməsini) təmin edir;

2.2.8. təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun olmadıqda, icazə verilməsindən imtina haqqında inzibati aktın qəbul edilməsi ilə bağlı tədbirlər görür, həmin sənədin reklam yayıcısına təqdim olunmasını (göndərilməsini) təmin edir;

2.2.9. zərurət yarandıqda müvafiq sahədə reklam yayımı sahəsində daxil olmuş müraciətlərin rəy bildirilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarına göndərilməsini təmin edir;

2.2.10. təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda, reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş təqdim olunmasını (göndərilməsini) təmin edir;

2.2.11. reklam yayıcısı tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazənin, həmçinin reklama dair texniki şərtlər pasportunun hazırlanması ilə bağlı Agentliyin rəhbərliyinə təqdimatlar verir, təsdiqləndikdən sonra reklam yayıcısına təqdim olunması (göndərilməsi) ilə bağlı tədbirlər görür;

2.2.12. reklam yayıcıları ilə icazə müqaviləsinin bağlanmasını təmin edir və onun tələblərinin yerinə yetirilməsi üçün tədbirlər görür;

2.2.13. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı reklam yayıcısının müraciəti əsasında müvafiq bələdiyyə ilə həmin əmlakdan istifadəyə dair müqavilə bağlanmasını təmin edir;

2.2.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə  icazələrin yenidən rəsmiləşdirilməsi,  dayandırılması, bərpa və ya ləğv edilməsi ilə bağlı daxil olmuş müraciətlərə baxır, bu barədə Agentliyin rəhbərliyinə təqdimatlar verir;

2.2.15. müvafiq sahədə verilmiş icazə itirildikdə və ya zədələndikdə icazə sahibinə, onun müraciətinə əsasən bu barədə arayışın və icazənin dublikatının verilməsi üçün tədbirlər görür;

2.2.16. qanunvericiliyə uyğun olaraq müvafiq sahədə elektron xidmətlərin göstərilməsini təmin edir;

2.2.17. Agentlik tərəfindən verilmiş, dayandırılmış, bərpa və ya ləğv edilmiş icazələr və icazənin dublikatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məlumatları əks etdirən Reyestrin aparılmasını və mütəmadi olaraq yenilənməsini təmin edir;

2.2.18. müvafiq sahədə verilmiş, dayandırılmış, bərpa və ya ləğv edilmiş icazələrlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məlumatların Reyestrdə qeydə aldığı tarixdən 3 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, hər ayın 10-dək isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilməsini təmin edir;

2.2.19. müvafiq sahədə tikintisinə icazə verilmiş reklam qurğularına münasibətdə icazədə nəzərdə tutulmuş məlumatların 3 iş günü müddətində, istismarına icazədə nəzərdə tutulmuş məlumatların isə 5 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim olunmasını təmin edir;

2.2.20. açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının və yayımlanan reklamın uçotunu aparır, onların elektron bazasını yaradır və müvafiq məlumatların mütəmadi olaraq həmin bazaya daxil olunmasını təmin edir;

2.2.21. Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin sosial reklamlar vasitəsilə vətəndaşlara çatdırılması ilə bağlı tədbirlər görür;

2.2.22. reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam yayımı sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə inzibati xəta haqqında protokollar tərtib edir və müvafiq məhkəməyə göndərilməsini təmin edir;

2.2.23. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, reklam subyektlərindən, dövlət və yerli özünüidarəetmə  orqanlarından qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

2.2.24. öz səlahiyyəti çərçivəsində Agentliyin strateji inkişaf planının həyata keçirilməsində iştirak edir;

2.2.25. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.26. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.27. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. müvafiq sahədə icazələrin verilməsi, dayandırılması, bərpa və ya ləğv edilməsi, icazə müqavilələrinin qeydə alınması və uçotunun aparılması üzrə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək, təkliflər hazırlamaq;

2.3.2. müvafiq sahədə icazələrin verilməsi, dayandırılması, bərpa və ya ləğv edilməsi üzrə fəaliyyətin təkmilləşdirilməsi və reklam yayıcılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflər hazırlamaq;

2.3.3. müvafiq sahədə icazələrin verilməsi ilə bağlı daxil olmuş müraciətlərdə göstərilən ünvanlara yerində baxış keçirilməsi və ərizədə göstərilən məlumatların dəqiqləşdirilməsi ilə bağlı Agentliyin ərazi idarələrinə sorğular ünvanlamaq və onlardan belə məlumatları (sənədləri) almaq;

 2.3.4. inzibati xəta pozuntuları barədə əldə olunmuş məlumatlarla bağlı qanunvericiliyə  uyğun tədbir görmək;

2.3.5. açıq məkanda reklam yayımına icazələrin verilməsi, dayandırılması, bərpa və ya ləğv edilməsi, icazə müqavilələrinin qeydə alınması və uçotunun aparılması üzrə metodik tövsiyələr vermək;

2.3.6. Agentliyin strukturlarının müvafiq sahə üzrə fəaliyyətinin yoxlanılmasını təmin edir, habelə Agentlik üzrə keçirilən yoxlamalarda iştirak edir;

2.3.7. reklam sahəsinə nəzarətlə əlaqədar reklam istehsalçılarından, reklam agentlərindən və ya reklam yayıcılarından qanunvericiliyə uyğun alınmış zəruri məlumatları və təklifləri araşdırmaq, təhlil aparmaq və nəticəsi haqqında təkliflər hazırlamaq;

2.3.8. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, müvafiq sahədə keçirilən tədbirlərdə Agentliyi təmsil etmək və onların fəaliyyətində iştirak etmək;

2.3.9. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Agentliyin strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

2.3.10. müvafiq sahədə fəaliyyət istiqamətinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

2.3.11. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması istiqamətində təkliflər hazırlamaq;

2.3.12. müqavilə əsasında sərbəst ekspert və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 

2.3.13. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində direktor  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə direktora tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) direktor tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu direktorun əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

 

4.1. Müraciətlərin qəbulu sektorunun vəzifələri aşağıdakılardır:

4.1.1. reklam yayıcılarından müvafiq sahədə açıq məkanda reklam yayımına icazə verilməsi üçün daxil olmuş müraciətləri və ona əlavə edilmiş sənədləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada yoxlayır və uyğunsuzluq olmadığı halda onları qəbul etmək;

4.1.2. reklam yayıcılarından daxil olmuş ərizələrinin qanunvericiliyin tələblərinə uyğun olduğu halda açıq məkanda reklam yayımına icazə sənədlərinin hazırlanması üçün onları aidiyyəti üzrə təqdim etmək;

4.1.3. reklam yayımına icazə verilməsi üçün daxil olmuş ərizələrdə uyğunsuzluq aşkar edildiyi halda Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na (bundan sonra - Qayda) əsasən reklam yayıcısını məlumatlandırmaq;

4.1.4. reklam yayıcısı müraciət ərizəsində və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş uyğunsuzluqları Qaydada nəzərdə tutulmuş müddətdə aradan qaldırmadıqda, ərizənin baxılmamış saxlanması haqqında inzibati akt qəbul edilməsi barədə Şöbə müdirinə məlumat vermək.

4.1.5. qüvvədə olan icazə müqavilələri üzrə reklam yayıcıları tərəfindən reklam daşıyıcılarından imtina edilməsi haqqında Şöbəyə daxil olmuş məktub və ərizələrdə əks etdirilmiş məlumatları yoxlamaq;

4.1.6. imtina haqqında daxil olmuş məktub və ərizələrdə uyğunsuzluq olmadığı halda qüvvədə olan müqavilələr üzrə icazə sənədlərinin dayandırılması və ya ləğv edilməsi barəsində Şöbə müdirinə məlumat vermək;

4.1.7. tərtib olunmuş icazə müqaviləsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun tam həcmdə və birdəfəlik qaydada reklam yayıcıları tərəfindən ödənilməsini təmin etmək;

4.1.8. reklam yayıcıları tərəfindən bu və ya digər səbəblərdən dövlət rüsumunun ödənilmədiyi və ya qaydalarda müəyyən edilmiş müddətdən gec ödənildikdə tərtib olunmuş icazə müqaviləsinin və digər müvafiq icazə sənədlərinin birtərəfli qaydada ləğv edilməsi haqqında (reklam yayıcısına bildiriş, xəbərdarlıq göndərmək və s.) şöbə müdirinə təkliflər vermək;

4.1.9. dövlət rüsumunun tam məbləğdə ödənildiyi halda icazə müqaviləsi, icazə sənədi və texniki şərtlər pasportunu reklam yayıcısına təqdim etmək;

4.1.10. açıq məkanda reklam yayımına görə haqqın qanunvericiliyə uyğun qaydada reklam yayıcıları tərəfindən ödənilməsinə nəzarət edir və bu istiqamətdə zəruri tədbirlər görmək;

4.1.11. icazə müddətinin başa çatmasına 1 (bir) ay qalmış icazə müqavilələrinin yenilənməsi istiqamətində Qaydaya uyğun tədbirlər görmək;

4.1.12. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.2. Ekspertiza və müqavilələrin idarə olunması sektorunun vəzifələri aşağıdakılardır:

4.2.1. müvafiq sahədə reklam yayıcılarının açıq məkanda reklam yayımına icazə verilməsi üçün daxil olmuş müraciətləri üzrə qüvvədə olan qanunvericiliyə uyğun olaraq icazəni, texniki şərtlər pasportunu və icazə müqaviləsini tərtib etmək;

4.2.2. texniki şərtlər pasportunun verilməsi zamanı obyektin və ya qurğunun yerinin reklam yayımı zonalarının xəritəsində (Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə) təyin olunmasını və fotoşəkillərin müvafiq proqramlar vasitəsilə işlənib hazırlanmasını təmin etmək;

4.2.3. açıq məkanda yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcılarının uçotunu aparmaq və ölkə üzrə vahid uçot reyestri tərtib etmək;

4.2.4. yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcılarında yayımlanan (və ya yayımlanacaq) reklamların “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasına nəzarət etmək;

4.2.5. açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun olmasını yoxlamaq;

4.2.6. açıq məkanda yayımlanan reklamların Azərbaycan Respublikası “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununun və digər qanunvericilik aktlarının tələblərinə, mövcud standartlara uyğun olmasını yoxlamaq;

4.2.7. reklam yayıcılarından razılaşdırma üçün daxil olan reklam eskizlərini yoxlamaq və uyğunsuzluq olmadığı halda onları təsdiq etmək;

4.2.8. qanunvericilikdə nəzərdə tutulmuş hallarda icazə sənədlərinin vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi ilə əlaqədar, açıq məkanda reklam yayımına görə ödəniləcək haqqın məbləğində baş vermiş dəyişikliklər barədə aidiyyəti üzrə Agentliyin Maliyyə şöbəsinə məlumat vermək;

4.2.9. qanunvericilikdə nəzərdə tutulmuş hallarda icazə sənədlərinin vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi barədə daxil olmuş məktub və ərizələrdə göstərilən məlumatların doğruluğunu yerində yoxlamaq;

4.2.10. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.