Əsasnamə

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

İnsan resursları və katiblik şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan İnsan resursları və katiblik şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Agentliyin insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılması, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahələrində işlərin tənzimlənməsini, habelə əmək qanunvericiliyinin tətbiqini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin Müşahidə Şurasının qərarlarını və direktorunun (bundan sonra – direktor) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi Agentliyin insan resurslarının idarə edilməsi siyasətinə müvafiq olaraq vaxtında, layiqli və peşəkar kadrların işə cəlb edilməsi, əməkdaşların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafı məqsədilə onların mütəmadi olaraq təhsilinin təşkil edilməsi, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əmək məhsuldarlığının artırılması və Agentliyə bağlılığına nail olmaq, habelə Aparatda kargüzarlıq, sənəd dövriyyəsi, sənədlərin icrasına nəzarət, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərini təmin etməkdir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentliyin kadr təminatının proqnozlaşdırılmasını, ehtiyat kadrların formalaşdırılmasını, işçilərin şəxsi işinin aparılmasını, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin edir;

2.2.2. effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, insan resurslarının idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin edir;

2.2.3. Agentlikdə vəzifələrin müvafiq meyarlar əsasında qiymətləndirilməsi və kateqoriyalar üzrə təsnifləşdirilməsi, əmək haqqı hədlərinin formalaşdırılması proseduruna dair təklifləri işləyib hazırlayır və təsdiq olunduqdan sonra tətbiqini təmin edir;

2.2.4. əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı tədbirlər görür;

2.2.5. əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların vəzifədə yüksəliş yolu ilə seçilməsi və yerləşdirilməsi üzrə tədbirlər görür;

2.2.6. qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması, ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlər görür;

2.2.7. Agentliyin əməkdaşlarının təlim ehtiyaclarını müəyyən edir, onların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafı, etik davranış və s. məsələlər üzrə tədbirləri (görüş, seminar, təlim, treninq və s.) təşkil edir;

2.2.8. müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar və digər sənədlərin layihələrini hazırlayır və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təşkil edir;

2.2.9. səlahiyyətləri daxilində Agentliyin Aparatının əməkdaşlarının işə davamiyyətinə nəzarət edir, habelə onlara müvafiq arayışların verilməsini təmin edir;

2.2.10. əməkdaşlara əmək kitabçalarının verilməsi, doldurulması, onların qeydiyyatının aparılması və saxlanması ilə bağlı tədbirlər görür;

2.2.11. Agentliyin Aparatında kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi,  arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin edir;

2.2.12. Agentliyin Aparatına daxil olan sənədlərin, habelə daxili yazışmaların qeydiyyata alınmasını, sürətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını, vaxtında icrasına səlahiyyətləri çərçivəsində nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təmin edir;

2.2.13. sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və işlərin ümumi nomenklatur-siyahısını tərtib edir;

2.2.14. xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və onların statistik hesabatlarının aparılmasını təmin edir;

2.2.15. imzalanmış əmrləri qeydiyyata alınmasını, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin edir;

2.2.16. Agentlikdə Mərkəzi Ekspert Komissiyasının tərkibinin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;

2.2.17. Agentliyin Aparatının struktur bölmələrində kargüzarlıq üçün məsul olan əməkdaşların siyahısının müəyyən edilməsi ilə bağlı tədbirlər görür;

2.2.18. fəaliyyət istiqamətləri üzrə əməliyyat planlarının hazırlanmasında iştirak edir, təsdiq edildikdən sonra onların icrasını aidiyyəti üzrə təmin edir;

2.2.19. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

2.2.20. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.21. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.22. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. Agentliyin ərazi idarələrində və təsərrüfat cəmiyyətlərində insan resursları və kargüzarlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirir, səlahiyyətləri daxilində bu işlərin təşkilinə nəzarət etmək;

2.3.2. Agentliyin strukturlarında insan resurslarının idarə edilməsi, kargüzarlıq və vətəndaşların qəbulu və müraciətlərinə baxılması üzrə çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;

2.3.3. Agentliyin əməkdaşlarının ixtisasının artırılması istiqamətində təkliflər vermək;

 

2.3.4. Agentliyin struktur bölmələrindən insan resurslarının idarə edilməsi, kargüzarlıq və vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin həyata keçirilməsi üçün zəruri olan arayışların, məlumatların, hesabatlarının və digər materialların təqdim olunmasını tələb etmək;

2.3.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarına müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.6. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

2.3.7. dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;

2.3.8. müvafiq sahədə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq;

2.3.9. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;

2.3.10. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və onların tətbiqi imkanlarını araşdırmaq, müvafiq təkliflər hazırlamaq.

 

3. Şöbənin idarə olunması

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində direktor  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə direktora tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) direktor tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu direktorun əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

 

4.1. İnsan resursları sektorunun vəzifələri aşağıdakılardır:

4.1.1. müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar və digər sənəd layihələrini hazırlayır, təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin edir;

4.1.2. Agentliyin işçi ehtiyaclarını proqnozlaşdırır, həmin ehtiyaclara uyğun olaraq əmək bazarının araşdırır və müvafiq kadrların cəlb olunmasını təmin edir;

4.1.3. Agentlikdə işə qəbul prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsini, mövcud vakant ştatların komplektləşdirilməsi məqsədilə işə qəbul üzrə ilkin seçim, test imtahanları və müsahibələrin təşkilini təmin edir;

4.1.4. Agentliyin Aparatına yeni işə qəbul olunmuş işçilər üçün adaptasiya proqramlarını hazırlayır və həyata keçirilməsini təmin edir;

4.1.5. Agentlik əməkdaşlarının təlim ehtiyacların müəyyən edilməsi, yerli və beynəlxalq təlim proqramlarının araşdırılması və seçilməsi, bununla əlaqədar müvafiq sənədləşmələrin aparılmasını təşkil edir;

4.1.6. Agentlik əməkdaşlarının əmək haqqı hədlərinin rəqabətliliyin təmin edilməsi istiqamətində təkliflər hazırlayır;

4.1.7. əməkdaşların peşə hazırlığı, təkrar hazırlığı və ixtisasın artırılması, habelə etik davranış və korrupsiyaya qarşı mübarizə və s. məsələlər üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) davamlı təşkilini təmin edir;

4.1.8. Agentlik əməkdaşlarının fəaliyyətinin müvafiq meyarlar əsasında qiymətləndirilməsini, təhlilini təmin edir və onların nəticələrinə əsasən müxtəlif maddi və qeyri maddi motivasiya tədbirlərinin tətbiqi üzrə təkliflər verir;

4.1.9. Agentlik əməkdaşlarının vəzifədə yüksəlişi və kadr ehtiyatına aid edilməsi üzrə zəruri tədbirlər görür;

4.1.10. Agentlik əməkdaşlarının fəaliyyətinin səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi məlumat mübadiləsini və bütün heyət üzrə anket sorğularını aparır, bu sahədə müvafiq təkliflər verir;

4.1.11. əməkdaşların vəzifə təlimatlarının işlənib hazırlanmasını təşkil edir;

4.1.12.  insan resurslarının idarə edilməsi üzrə sənədləşmə və kadr uçot işlərini aparır;

4.1.13. insan resurslarının idarə edilməsi üzrə informasiya bazasının formalaşdırır və onun avtomatlaşdırmasına dair təkliflər hazırlayır;

4.1.14. Agentlik əməkdaşlarının əmək müqavilələrini onlara əlavə və dəyişiklikləri, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə təkliflər hazırlayır və sənədləşmə işlərini aparır;

4.1.15. Agentlik əməkdaşlarının işə qəbulu, yerdəyişməsi və işdən azad edilməsi, məzuniyyəti, ezamiyyəti haqqında əmrləri hazırlayır;

4.1.16. insan resursları üzrə statistik hesabatları tərtib edir və aidiyyəti üzrə və təqdim edir;

4.1.17. hərbi uçot və təxsisləmə işlərini aparır;

4.1.18. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.2. Katiblik sektorunun vəzifələri aşağıdakılardır:

4.2.1. Agentliyin Aparatında kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi,  arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin edir;

4.2.2. Agentliyin Aparatına daxil olan sənədlərin, habelə daxili yazışmaların qeydiyyata alınmasını, sürətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını, vaxtında icrasına səlahiyyətləri çərçivəsində nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təmin edir;

4.2.3. sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və işlərin ümumi nomenklatur siyahısını tərtib edir;

4.2.4. xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü yoxlayır, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi Agentliyin müvafiq strukturlarına geri qaytarır;

4.2.5. xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və onların statistik hesabatlarının aparılmasını təmin edir;

4.2.6. ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün icraçıya verir;

4.2.7. Agentliyin sənəd  dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət edir, pozuntu halları barədə rəhbərliyi məlumatlandırır;

4.2.8. imzalanmış əmrlərin qeydiyyata alınmasını, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin edir;

4.2.9. Agentliyin Aparatında vətəndaşların müraciətləri üzrə kargüzarlıq işini aparır və vətəndaşların qəbulunu təşkil edir;

4.2.10. vətəndaşların müraciətlərinə baxılmasının nəticələri barədə aidiyyəti dövlət orqanlarına və Agentliyin rəhbərliyinə hesabatları hazırlayaraq aidiyyəti üzrə təqdim edir;

4.2.11. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.