Əsasnamə

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

Strateji inkişaf şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra - Agentlik) Aparatının struktur bölməsi olan Strateji inkişaf şöbəsi (bundan sonra - şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin fəaliyyəti üzrə prioritet istiqamətlərin və uzunmüddətli inkişaf məqsədlərinin, idarəetmə sisteminin, planlaşdırmanın və proqnozlaşdırmanın müəyyən olunması, müvafiq xarici dövlət və qeyri-dövlət qurumlarının təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, protokol xidmətinin aparılması istiqamətlərində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin Müşahidə Şurasının qərarlarını və direktorunun (bundan sonra – direktor) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti qurumları, müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi Agentliyin fəaliyyəti ilə bağlı strategiyaların və icra mexanizmləri layihələrinin, mövcud iş prosesinin planlaşdırılması, səmərəliyinin artırılması və davamlı inkişafın təmin olunması məqsədilə təkliflərin işlənib hazırlanması, çağrı mərkəzinin işinin təşkili, beynəlxalq təcrübənin və innovasiyaların öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması, xarici dövlətlərin aidiyyəti qurumları və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının həyata keçirilməsini təmin etməkdir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentliyin fəaliyyətinin strateji məqsədləri və inkişaf istiqamətləri ilə bağlı təkliflər hazırlayır;

2.2.2. qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün strategiyaların, tətbiq olunacaq mexanizmlərin, görüləcək kompleks tədbirlərin layihələrini hazırlayır və rəhbərliyə təqdim edir;

2.2.3. qəbul olunmuş strategiyaların effektiv icrası üçün Agentliyin strukturlarından aidiyyəti məlumatları alır, onları sistemləşdirir və təhlil edir, həyata keçilmiş fəaliyyətin səmərəliliyini qiymətləndirir və təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər verir;

2.2.4. reklam yayıcılarına və digər müraciətçilərə operativ telefon məlumat xidmətlərinin göstərilməsini, Agentliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin qəbulunu, cavablandırılmasını, digər strukturların səlahiyyətlərinə aid sorğuların aidiyyəti üzrə yönəldilməsini təmin edir;

2.2.5. Agentliyin Çağrı mərkəzinə daxil olmuş müraciətlərin təhlilini aparmaq və bununla bağlı müvafiq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir;

2.2.6. reklam yayıcıları, sahibkarlar və vətəndaşlara göstərilən xidmətlərin, reklam operatorları və reklam bazarının digər subyektləri ilə əlaqələrin təkmilləşdirilməsi, Agentlikdə korporativ sosial məsuliyyətin aşılanması, daxili və xarici faktorların sistemli qiymətləndirilməsi üzrə Agentliyin aidiyyəti strukturları ilə sıx əməkdaşlıq edir;

2.2.7. mövcud təşkilati resurslar daxilində Agentliyin fəaliyyətinə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ həllərin tətbiq olunması imkanlarını araşdırır və bu istiqamətdə yerli və ya xarici şirkətlərlə aparılan danışıqlarda, təlimlərdə iştirak edir;

2.2.8. Agentliyə daxil olmuş və icrası şöbəyə həvalə edilmiş sənəd layihələrini, o cümlədən strateji yol xəritələri, dövlət proqramları, tədbirlər planları və s. təhlil edir, müvafiq təkliflər hazırlayır və bu istiqamətdə aparılan müzakirələrdə iştirak edir;

2.2.9. strateji yol xəritələri, dövlət proqramları, tədbirlər planları və s. sənədlərlə icrası Agentliyə tapşırılmış tədbirlər üzrə işlərin təşkili və ümumiləşdirilməsini təmin edir, bu sahədə icra intizamına riayət olunmasına nəzarət edir;

2.2.10. beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları, həmçinin ölkəmizdəki diplomatik və ticarət nümayəndəlikləri ilə əlaqələrin yaradılmasını təşkil edir, qarşılıqlı maraq doğuran birgə layihələr üzrə aparılan müzakirələrdə iştirak edir;

2.2.11. ölkəmizin reklam sahəsində tərəfdar çıxdığı və ya imzaladığı beynəlxalq müqavilələrin (sazişlər, anlaşma memorandumları və s.) və götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;

2.2.12. Agentliyin rəhbərliyini xarici nümayəndələrlə keçirilən görüşlər, beynəlxalq səviyyəli tədbirlər və işgüzar xarici səfərlər zamanı müşayiət edir, keçirilən görüşlər barədə protokolları tərtib edir, bu sahədə hesabatlar hazırlayır, xarici ölkələrə ezam olunan əməkdaşların səfərləri ilə bağlı zəruri tədbirlər (vizaların alınması, nota və dəstək məktublarının hazırlanması və s.) görür;

2.2.13. Agentliyin rəhbərliyinin təmsil olunduğu hökumətlərarası və digər komissiyaların, işçi qrupların fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görür;

2.2.14. Agentlik və açıq məkanda reklam bazarı subyektləri üçün faydalı ola biləcək beynəlxalq təcrübə üzrə mövcud vəziyyəti mütəmadi olaraq araşdırır, təhlil edir və nəticələri barədə müvafiq təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edir;

2.2.15. Agentliyin təşkilatçılığı və ya iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlərin məqsədəuyğunluğu barədə araşdırmalar və məsləhətləşmələr aparmaq, nəticələri üzrə müvafiq arayış və təkliflər hazırlayaraq rəhbərliyə təqdim edir;

2.2.16. Agentliyin əməkdaşlarının xarici ezamiyyələrlə bağlı təqdim etdiyi hesabatlara müvafiq tapşırığa əsasən baxır, onları təhlil edir və bununla bağlı müvafiq təkliflər hazırlayır; 

2.2.17. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.18. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti qurumları, müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

2.3.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, xarici dövlətlərin aidiyyəti qurumlarına, müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;

2.3.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarına müvafiq qaydada sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;

2.3.4. Agentlikdə və digər dövlət qurumlarında, həmçinin beynəlxalq təşkilatlarda yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;

2.3.5. müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və onların tətbiqi imkanlarını araşdırmaq, müvafiq təkliflər hazırlamaq;

2.3.6. şöbənin əməkdaşlarının peşəkarlığının artırılması, xarici ölkələrdə təşkil olunmuş tədbirlərdə iştirak etmək istiqamətində təkliflər vermək;

2.3.7. müqavilə əsasında ekspert və mütəxəssisləri şöbənin fəaliyyətinə cəlb etmək;

2.3.8. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində direktor  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə direktora tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) direktor tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu direktorun əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

 

4.1. Planlaşdırma sektorunun vəzifələri aşağıdakılardır:

4.1.1. Agentliyin strateji fəaliyyətini hərtərəfli qiymətləndirmək və planlamaq üçün Agentliyin strukturlarından aidiyyəti məlumatları alır, təhlil edir, sistemləşdirir və müvafiq metodologiyaya uyğun istifadə edir;

4.1.2. Agentliyin qarşıya qoyduğu strateji məqsəd və hədəflərə nail olmaq üçün işlənilən mexanizmlərin (prosedur, qayda, standart və s.) tətbiqində iştirak edir, bu məqsədlə cəlb olunan daxili və xarici resursların əlaqələndirilməsini və səmərəli fəaliyyətini təşkil edir;

4.1.3. reklam yayıcılarına və digər müraciətçilərə operativ telefon və onlayn məlumat xidmətlərinin göstərilməsini, Agentliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin qəbulunu, cavablandırılmasını, digər strukturların səlahiyyətlərinə aid sorğuların aidiyyəti üzrə yönəldilməsini təmin edir;

4.1.4. açıq məkanda reklam yayımı sahəsinə aid qanunvericilikdə, o cümlədən Agentliyin səlahiyyətləri üzrə baş verən yenilik, əlavə və dəyişiklikləri mütəmadi olaraq diqqətdə saxlamaq və telefon məlumat xidməti zamanı istifadə edir;

4.1.5. sahibkarların sorğularının cavablandırılmasına yönəlmiş çağrı mərkəzinin idarə olunması, xidmətin keyfiyyət göstəricilərinin ölçülməsi və təkmilləşdirilməsi üzrə təkliflər verir;

4.1.6. mövcud təşkilati resurslar daxilində Agentliyin fəaliyyətinə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ həllərin tətbiq olunması imkanlarını araşdırır və bu istiqamətdə yerli və ya xarici şirkətlərlə aparılan danışıqlarda, təlimlərdə iştirak edir;

4.1.7. Agentliyə daxil olmuş və icrası şöbəyə həvalə edilmiş sənəd layihələrini, o cümlədən strateji yol xəritələri, dövlət proqramları, tədbirlər planları və s. təhlil edir, müvafiq təkliflər hazırlayır və bu istiqamətdə aparılan müzakirələrdə iştirak edir;

4.1.8. Agentlikdə korporativ sosial məsuliyyətin aşılanması, bazar subyektləri və ictimaiyyətlə qarşılıqlı faydalı əlaqələrin qurulması üzrə Agentliyin aidiyyəti strukturları ilə sıx əməkdaşlıq edir;

4.1.9. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.2. Beynəlxalq əməkdaşlıq və protokol sektorunun vəzifələri aşağıdakılardır:

4.2.1. beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları, həmçinin ölkəmizdəki diplomatik və ticarət nümayəndəlikləri ilə əlaqələrin yaradılmasını təşkil edir, qarşılıqlı maraq doğuran birgə layihələr üzrə aparılan müzakirələrdə iştirak edir;

4.2.2. ölkəmizin reklam sahəsində tərəfdar çıxdığı və ya imzaladığı beynəlxalq müqavilələrin (sazişlər, anlaşma memorandumları və s.) və götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;

4.2.3. Agentliyin rəhbərliyini xarici nümayəndələrlə keçirilən görüşlər, beynəlxalq səviyyəli tədbirlər və işgüzar xarici səfərlər zamanı müşayiət edir, keçirilən görüşlər barədə protokolları tərtib edir, bu sahədə hesabatlar hazırlayır, xarici ölkələrə ezam olunan əməkdaşların səfərləri ilə bağlı zəruri tədbirlər (vizaların alınması, nota və dəstək məktublarının hazırlanması və s.) görür;

4.2.4. Agentliyin rəhbərliyinin təmsil olunduğu hökumətlərarası və digər komissiyaların, işçi qrupların fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görür;

4.2.5. Agentlik və açıq məkanda reklam bazarı subyektləri üçün faydalı ola biləcək beynəlxalq təcrübə üzrə mövcud vəziyyəti mütəmadi olaraq araşdırır, təhlil edir və nəticələri barədə müvafiq təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edir;

4.2.6. Agentliyin təşkilatçılığı və ya iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlərin məqsədəuyğunluğu barədə araşdırmalar və məsləhətləşmələr aparır, nəticələri üzrə müvafiq arayış və təkliflər hazırlayaraq rəhbərliyə təqdim edir;

4.2.7. Agentliyin əməkdaşlarının xarici ezamiyyələrə dair təqdim etdiyi hesabatlara müvafiq tapşırığa əsasən baxır, onları təhlil edir və bununla bağlı müvafiq təkliflər hazırlayır; 

4.2.8. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.