Əsasnamə

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

İctimaiyyətlə əlaqələr şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan İctimaiyyətlə əlaqələr şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin fəaliyyəti ilə bağlı       KİV-lərlə əlaqələrin qurulması, təbliğat və təşviqatın aparılması, ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin Müşahidə Şurasının qərarlarını, direktorunun (bundan sonra – direktor) əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi KİV-lərlə və ictimaiyyətlə əlaqələr, həmçinin Agentliyin fəaliyyətinin KİV-lərdə işıqlandırılması, təbliğat və təşviqatının aparılması sahələrində işlərin həyata keçirilməsini təmin etməkdir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentliyin strukturlarının ictimaiyyətlə əlaqələrini, təbliğat-təşviqat və maarifləndirmə işlərini təşkil edir, əlaqələndirir və həyata keçirir, bu sahədə mərkəzləşdirilmiş və vahid yanaşmanı, Agentlik tərəfindən görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;

2.2.2. Agentliyin təbliğat-təşviqat, maarifləndirmə və sosial informasiya sahəsində fəaliyyətinin və bu sahədə konsepsiyasının formalaşdırılmasını təmin edir və həyata keçirir;

2.2.3. Agentliyin fəaliyyətinin KİV-lərdə işıqlandırılmasını təmin edir, bununla əlaqədar pres-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır;

2.2.4. Agentliyin fəaliyyət üzrə müvafiq dövlət proqramlarının, qanunvericilik aktlarının icrası və ictimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların KİV-lər vasitəsilə və digər üsullarla ictimaiyyətə çatdırılmasını təmin edir;

2.2.5. şöbənin fəaliyyəti ilə əlaqədar təşkilati-sərəncam sənədlərinin layihələrinin hazırlanmasında iştirak edir;

2.2.6. Agentliyin fəaliyyəti ilə əlaqədar KİV-lərdə yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda aidiyyəti strukturların iştirakı ilə cavab hazırlayır və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görür;  

2.2.7. Agentliyin rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-lərdə çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil edir, əlaqələndirir və Agentlik tərəfindən keçirilən tədbirlərdə KİV-lərin nümayəndələrinin iştirakını təmin edir;

2.2.8. Agentliyin rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;

 2.2.9. Agentliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak edir və hazırlanmış məlumatları həmin sayt və səhifələrdə yerləşdirir, aidiyyəti strukturların bu sahədəki fəaliyyətini əlaqələndirir;

2.2.10. Agentliyin strukturlarının KİV-lər və ictimaiyyətlə əlaqələrinin koordinasiyalı təşkil olunmasına, ictimaiyyətin operativ və mütəmadi olaraq məlumatlandırılması işinin aparılmasına metodiki rəhbərliyi həyata keçirir;  

2.2.11. Agentliyin strukturlarının KİV-lər və ictimaiyyətlə əlaqələrində səmərəliliyin artırılmasına, bu sahədə mövcud münasibətlərin yaxşılaşdırılmasına dair mütəmadi təkliflər hazırlayır;  

2.2.12. Agentliyin fəaliyyəti ilə bağlı KİV-lərdə yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə Agentliyin rəhbərliyinə məlumat verilməsini təmin edir;

2.2.13. Agentliyə daxil olmuş informasiya sorğularına müvafiq strukturların iştirakı ilə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılmasında iştirak edir;

2.2.14. Agentliyin fəaliyyəti üzrə ictimai rəy sorğuları və digər sosial araşdırmaların keçirilməsini təmin edir;

2.2.15. əlamətdar gün və hadisələrlə bağlı Agentlik tərəfindən keçirilən tədbirlərin təşkilini təmin edir;

2.2.16. zərurət yarandıqda Agentliyin mətbuat orqanının yaradılması ilə bağlı təkliflər verir və bununla əlaqədar zəruri tədbirlər görür, müxtəlif çap və multimedia vasitələrinin hazırlanması işini təşkil edir və ya təşkilində iştirak edir;

2.2.17. Agentliyin fəaliyyətinə dair çap, video və foto materialların arxivini təşkil edir;

2.2.18. Agentliyin mətbu orqanların çap və elektron nəşrlərinə abunə yazılması işini təşkil edir;

2.2.19. müvafiq sahədə vətəndaşlardan, KİV-lərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılması prosesində iştirak edir;

2.2.20. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.21. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

 2.2.22. Agentliyin rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin edir;

2.2.23. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

2.3.1. Agentliyin fəaliyyətinə, eləcə də səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Agentliyin rəsmi mövqeyini ictimaiyyətə açıqlamaq, mətbuat konfransları, brifinqlər və digər tədbirlər təşkil etmək;

2.3.2. Agentliyin fəaliyyət sahəsi üzrə ictimaiyyətlə görüşlər, seminar və digər tədbirlərin keçirilməsi ilə bağlı təkliflər vermək;

2.3.3. Agentlik tərəfindən həyata keçirilən ictimai xarakterli tədbirlərin təşkilində fəaliyyət sahəsi üzrə iştirak etmək;

2.3.4. KİV-lərlə və ictimaiyyətlə əlaqələrin təşkilinin səmərəliliyinin artırılması üçün təhlillər və ümumiləşdirmələr aparmaq, müvafiq sahə üzrə rəy və təkliflər vermək;

2.3.5. KİV-lər üçün müvafiq materialların hazırlanması istiqamətində fəaliyyət göstərə biləcək yaradıcı və texniki heyətin formalaşdırılmasında aidiyyəti üzrə iştirak etmək, o cümlədən bu işləri görmək üçün texniki şərtlərin tətbiq edilməsinə dair təkliflər hazırlamaq;

2.3.6. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Agentliyin strukturlarına müvafiq sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

2.3.7. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Agentliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, KİV-lər, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;

2.3.8. fəaliyyəti üzrə Agentliyin strukturları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin layihələrinə dair təkliflər vermək;

2.3.9. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən tədbirlərdə işində iştirak etmək;

2.3.10. müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

2.3.11. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

2.3.12. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində direktor  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə direktora tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) direktor tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu direktorun əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.