1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xətai rayonu üzrə şəhid övladları üçün xüsusi bayram tədbiri təşkil olunub. Uşaqlar üçün maraqlı və əyləncəli proqramlar hazırlanıb, müxtəlif oyun və yarışlar keçirilib. Xüsusilə 6-14 yaş kateqoriyalı uşaqlar üçün təşkil olunan müxtəlif attraksionlar, həyəcan dolu interaktiv əyləncələr tədbirə xüsusi rəng qatıb. Uşaqlar gün ərzində həm əylənib, həm də unudulmaz sevinc dolu anlar yaşayıblar. Hər bir iştirakçıya bayram hədiyyələri təqdim olunaraq onların xoşbəxt və yaddaqalan bir gün keçirmələri təmin edilib.
Tədbirdə uşaqların hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələrinin vacibliyi xüsusi vurğulanıb. Təşkilatçılar qeyd ediblər ki, bu cür təşəbbüslər uşaqların sosial aktivliyinin artırılması ilə yanaşı, cəmiyyətin gələcəyinə göstərilən diqqət və qayğının mühüm nümunəsidir.
Bayram tədbiri Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) təşəbbüsü, Xətai Rayon İcra Hakimiyyəti, “City Park Mall”, “KFC” və “LC Waikiki”nin təşkilati dəstəyi ilə baş tutub.