Şuşa KOB evində “ADRA pəncərəsi” sahibkarlara xidmət göstərir

06 yanvar 2026 10:00

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən Şuşa KOB evində yaradılmış “ADRA pəncərəsi” vasitəsilə sahibkarlara açıq məkandakı reklam fəaliyyəti ilə bağlı zəruri xidmətlər göstərilir.

İş adamlarına açıq məkanda reklamların yerləşdirilməsi, reklam daşıyıcılarının texniki tələbləri, icazələrin alınması prosedurları, eləcə də açıq məkanda reklam fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar təqdim olunur. Bu xidmətlər daha şəffaf, operativ və qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsinə imkan yaradır.

Şuşa KOB evində fəaliyyət göstərən “ADRA pəncərəsi” dövlət–sahibkar münasibətlərinin möhkəmləndirilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və regionda biznes fəaliyyətinin təşviqinə xidmət edir.

Qeyd edək ki, Agentliyin “ADRA pəncərəsi” xidməti Şuşa ilə yanaşı, Xaçmaz və Yevlax KOB evlərində də fəaliyyət göstərir. Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar müvafiq icazələri birbaşa həmin KOB evlərində fəaliyyət göstərən “ADRA pəncərəsi”nə müraciət etməklə əldə edə bilərlər. Bu yanaşma reklam icazələrinin alınması prosesini daha əlçatan və operativ edir.