Xəbərlər

Şəhidlərimizi ehtiramla anırıq!

23 Sentyabr 2021, 15:09

 

Vətən müharibəsinin ildönümü ərəfəsində Dövlət Reklam Agentliyinin əməkdaşları İkinci Fəxri Xiyabanda uyuyan əbədi qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər. 44 günlük müharibədə tarix yazan şəhidlərimizin məzarlarına tər çiçəklər düzüb, onların keçdiyi şərəfli döyüş yolu və göstərdikləri şücaətdən danışıblar. Xalqımızın tarixin bu sınağından alnıaçıq, qələbə sevinci ilə çıxmasına səbəb olan əsas amillərdən biri də məhz vətənə sonsuz məhəbbət hissinin sarsılmazlığı idi. Respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə canını fəda edən oğullarımızı anmaq, onları yad etmək hər birimizin mənəvi borcudur.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları ilə 44 günlük müharibə nəticəsində xalqımızın qüruru, mənliyi və şərəfi özünə qayıtdı. Ali Baş Komandanın başçılığı ilə əldə olunan bu qələbə 30 illik həsrətə, nisgilə, qubar bağlamış könüllərə su səpdi, qəlblərə rahatlıq və hüzur gətirdi. Vətən müharibəsində tarix yazan Azərbaycan Ordusu aparığı peşəkar əməliyyatlarla dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırmağı bacardı. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizə nəsib etdi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri ilə fəxr edir, qürur duyuruq!

Digər xəbərlər