Xəbərlər

Açıq məkandakı reklamlarda Azərbaycan dilinin qorunması ilə bağlı birgə komissiyanın iclası keçirilib

1 Oktyabr 2021, 11:00

Açıq məkandakı reklamlarda dövlət dilinin qorunması məqsədilə yaradılan birgə komissiyanın iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) təşəbbüsü ilə yaradılan, Bakı Şəhər Icra Hakimiyyəti, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarından ibarət komissiyanın iclasında dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi, bu sahədə təxirəsalınmaz tədbirlərin icrası və qaldırılan məsələlərin yerində araşdırılması məsələləri müzakirə edilib. Bakı Şəhəri Reklam İdarəsi rəisinin müavini Mehdi Ağayevin rəhbərliyi ilə keçirilən birgə komissiyanın iclasında qeyd olunub ki, hazırda ADRA tərəfindən Bakıdakı binaların üzərindəki fasad reklamlarının standartlarının müəyyənləşdirilməsi istiqamətində operativ iş aparılır. Bu proses yekunlaşdıqdan sonra yeni standartlara uyğun reklamların hazırlanması zamanı dövlət dilindən düzgün istifadə məsələlərinə xüsusi diqqət yetiriləcək.

Hazırda komissiyada təmsil olunan qurumlar tərəfindən açıq məkandakı reklamlarda Azərbaycan dilinin qorunması istiqamətində təkliflər hazırlanır. Gələcəkdə məsələ ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin  edilməsi də istisna olunmur. Yekunda komissiya reklamlarda Azərbaycan dilinin düzgün istifadəsi ilə bağlı sosial şəbəkələrdə və açıq məkanda maarifləndirmə işlərinin aparılmasını qərara aldı. Komissiyanın iclasları barədə mütəmadi məlumatlar veriləcəkdir.  

Digər xəbərlər