Xəbərlər

2022-ci ilin 6 ayı ərzində açıq məkanda 4327 reklamın yayımı dayandırılıb

25 Noyabr 2022, 11:00

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən açıq məkan reklamlarının monitorinqi mütəmadi olaraq davam etdirilir. Postpandemiya dövründən sonra monitorinqlərin dinamikası daha da artırılıb. Cari ilin ilk yarısında açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya ümumilikdə 22827 müraciət daxil olub. Müraciətlərin bəzisində bir neçə reklamın qeydiyyata alınması nəzərdə tutulduğundan ümumulikdə verilən icazə sənədlərinin sayı 95948-dir. Təkcə 2022-ci ilin 6 ayı ərzində ölkə üzrə açıq məkanda qanunvericiliyin tələblərinə uyğun olmayan 4327 reklamın yayımı dayandırılıb. Ticarət obyektlərinin daha çox paytaxtda cəmləndiyini nəzərə alsaq, müvafiq olaraq açıq məkan reklamları ilə bağlı ən çox qanun pozuntusu da Bakıda (1350 reklam) aşkarlanıb. Sıralamada növbəti yerlərdə 1288 ədəd olmaqla Şəki və 682 ədəd olmaqla Sumqayıt Şəhər Regional Reklam İdarələrinin nəzarətindəki ərazilər gəlir. Qanun pozuntuları əsasən icazə sənədləri olmadan açıq məkanda reklam yayımlama ilə bağlıdır. Müvafiq icazə sənədi olmadan reklam yayımı həyata keçirən sahibkarlıq subyektinin sayı 5340 olub. Sənədsiz yayımlanan reklamların 167-si tarixi binaların payına düşüb. 1322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulması, 1329-unda isə estetik görünüşə uyğun olmayan hallarla rastlaşılıb. Açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib. 2022-ci ilin ilk 6 ayı ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsümu və yayım haqlarının hesablanması ilə bağlıdır.

 

Digər xəbərlər