Xəbərlər

Milli qurtuluşun memarı – Heydər Əliyev

13 İyun 2025, 14:40

 

    Milli mənsubiyyəti ilə həmişə fəxr etmiş Ümumilli Liderin həyatı, fəaliyyəti, vətənə sıx bağlılığı, dövlətçilik təfəkkürünün təbliğinə xüsusi əhəmiyyət verməsi azərbaycançılıq məfkurəsinin formalaşmasına güclü təsir göstərmişdir. Onun həyatının bütün dövrlərində, fəaliyyətinin bütün istiqamətlərində millətinə olan sevgisini, zamanında atdığı bütün addımlarının Azərbaycanın gələcəyinə kökləndiyini bu gün aydın şəkildə görürük. Sahib olduğumuz milli ideologiyanın müəllifi məhz Dahi Liderimiz H.Əliyevdir. Milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişafı, tarixi yaddaşımızın özümüzə qaytarılması, azərbaycançılıq fəlsəfəsi kimi misilsiz fəaliyyətin də altında onun imzası var. O, milli məfkurənin zənginləşməsinə güclü təsir göstərmiş, gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin yaratmışdır.

    Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun tarixi Heydər Əliyevin sahib olduğu vətən, xalq sevgisinin, Azərbaycan xalqının isə əzmkarlığının ifadəsidir. Bu tarix həm də Azərbaycanın gələcək müstəqilliyinin və firavanlığının təmin olunması yolunda göstərilən mübarizənin ən bariz nümunəsidir.

    1993-cü ildə ölkənin ən ağır vəziyyətində millətinin səsinə səs verən ümumilli lider Heydər Əliyev böyük səs çoxluğu ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir dövrə qədəm qoydu.  O ərəfədə həm daxildə, həm də xaricdə yaranmış gərginlik Azərbaycanı dünyada və regionda təcrid vəziyyətinə salmışdı. Böyük dövlətçilik təcrübəsinə malik səriştəli dövlət xadimi Heydər Əliyev ölkəni bu vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. O, idarəçilik bacarığı, istedadı və təcrübəsi sayəsində ölkə daxilindəki hərc-mərclik, qeyri-sabit ictimai siyasi vəziyyəti aradan qaldırmaqla yanaşı, sabitliyin və vətəndaş həmrəyliyinin bərpasını həyata keçirməyə müəssər oldu. Beləliklə, Azərbaycan dövləti yeni dövrə, inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmiz məhz Ulu Öndərin hakimiyyətə gəldiyi tarixdən etibarən dünya arenasında tanınmağa, müstəqil dövlət kimi yeni strategiya xətti ilə inkişaf etməyə başladı.

    Heydər Əliyev tarixin sınaqlarından keçən, hər sınaqda da itirdiyindən çox qazanan millətin gerçək Lideri idi. Onun müdrik həyat fəlsəfəsi daim böyük işləri ilə təsdiqləndi. Müasir Azərbaycan dövlətçiliyinin son yarım əsrlik tarixində əldə edilən uğurları Heydər Əliyev şəxsiyyətinin dühası ilə işıqlandırılıb. Ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anırıq!

 

Digər xəbərlər