ADRA 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nin tərəfdaşıdır
Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə start verilib. KOBİA və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçirilən sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş etdirilir. Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir. Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər təmsil olunurlar.
Tədbirdə çıxış edənlər ölkədə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin "Made in Azerbaijan" brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.
"Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilən sərginin builki tərəfdaşları Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Dövlət Məşğulluq Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır. Sərgi iyunun 21-dək davam edəcək.