Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılmasından 8 il ötür
Bu gün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) yaradılmasının 8 ili tamam olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Dövlət Reklam Agentliyi reklam fəaliyyətinə dövlət nəzarətinin təmin edilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə təsis olunmuşdur.
Fərmana əsasən, Agentliyin yaradılmasında əsas məqsəd reklam sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini, normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsini, qanunsuz reklamların qarşısının alınmasını və açıq məkanda reklam yerləşdirilməsi fəaliyyətinə effektiv nəzarətin təmin olunmasını həyata keçirməkdir.
Ötən 8 il ərzində Dövlət Reklam Agentliyi açıq məkanda reklam sahəsində fəaliyyətin qanunvericiliyə uyğun şəkildə təşkili, sahibkarlar üçün reklamların yerləşdirilməsinə dair icazə mexanizmlərinin sadələşdirilməsi, bu sahədə rəqəmsallaşdırma proseslərinin genişləndirilməsi, eləcə də şəhərin reklam mühitinin estetik görüntüsünün daha da yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
Hazırda Agentlik açıq məkanda reklam bazarında rəqabətli mühitin formalaşdırılması, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilərək yeni nəsil reklam qurğularının təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivini bu əlamətdar gün münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.