ADRA-nın nümayəndə heyəti Minskdə Reklam üzrə Koordinasiya Şurasının 27-ci iclasında iştirak edib
Belarus Respublikasının Minsk şəhərində “Marketinq, Reklam və Brendinq Günləri” Beynəlxalq Forumu çərçivəsində Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şura yanında Reklam üzrə Koordinasiya Şurasının 27-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndə heyəti də iştirak edib.
Səfər çərçivəsində Agentliyin Aparatının Hüquq şöbəsinin müdiri Fərid Əfəndiyev və Bakı Şəhəri Reklam İdarəsinin rəis müavini Ceyhun Qurbanlı 15 ölkədən olan 350-dən artıq iştirakçının — tənzimləyici qurumların, reklam yayıcıları assosiasiyalarının, reklam şirkətlərinin nümayəndələrinin və fərdi sahibkarların qatıldığı Beynəlxalq Forum, MDB-də kreativ industriyaların inkişafı və milli brendlərin təşviqinə həsr olunan dəyirmi masa, eləcə də Koordinasiya Şurasının 27-ci iclasında iştirak ediblər. Onlar həmçinin marketinqin səmərəliliyi üzrə “ADMA AWARDS 2025” və “LAMA 2025” Marketinq və Reklam Festivalının qaliblərinin mükafatlandırılması mərasiminə qatılıblar.
İclasda MDB ölkələrinin reklam sahəsində dövlət nəzarətini və tənzimləməni həyata keçirən qurumların, eləcə də özünütənzimləmə fəaliyyəti göstərən təşkilatların nümayəndələri reklam qanunvericiliyinin tətbiqi, yeniliklər, görülmüş tədbirlər və özünütənzimləmə aktlarının əhəmiyyəti barədə çıxışlar ediblər.
Agentliyin Aparatının Hüquq şöbəsinin müdiri Fərid Əfəndiyev müasir reklam qurğularının quraşdırılması zamanı yaşayış məntəqələrinin mədəni irsinin və şəhərlərin tarixi simasının qorunması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri fonunda formalaşan yeni reklam mühitinin tənzimlənməsi barədə məlumat verib. O, həmçinin reklam qanunvericiliyinin tətbiqi, tənzimləmə və nəzarət mexanizmləri üzrə daha səmərəli təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Tədbirdə Koordinasiya Şurasının növbəti - 28-ci iclasının gələn ilin iyun ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi, 2027-ci ildə keçiriləcək 29-cu iclasa isə Azərbaycanın ev sahibliyi edə biləcəyi nəzərdən keçirilib.



Digər xəbərlər