Regulation

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

Hüquq şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan Hüquq şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin fəaliyyəti ilə bağlı hüquqi təminat və ekspertiza sahələrində işlərin tənzimlənməsini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin Müşahidə Şurasının qərarlarını və direktorunun (bundan sonra – direktor) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi Agentliyin hüquqi təminat və ekspertiza işlərinin, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil olunmasının həyata keçirilməsini təmin etməkdir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, müqavilələrin (sazişlərin) təşkilati-sərəncam və digər normativ sənədlərin layihələrini hazırlayır və aidiyyəti dövlət orqanları ilə razılaşdırılması ilə bağlı tədbirlər görür;

2.2.2. Agentliyə daxil olan və ya Agentliyin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, müqavilələrin (sazişlərin), digər qanunvericilik və təşkilati-sərəncam sənədlərinin layihələrinin hüquqi ekspertizasını həyata keçirir, onların qanunvericiliyə uyğunluğuna dair rəylər verir;

2.2.3. Agentliyin fəaliyyəti ilə bağlı mülki və digər xarakterli müqavilələr hazırlayır, Agentliyin strukturlarından və digər təsisatlardan daxil olmuş belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirir;

2.2.4. Agentliyin hüquq və qanuni mənafelərini məhkəmələrdə müdafiə edir, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin edir;

2.2.5. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin edir;

2.2.6. müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında Agentliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş tapşırıqların həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir, bununla bağlı koordinasiya işlərini təşkil edir;

2.2.7. Agentliyin strukturları tərəfindən normativ hüquqi təminat işinin aparılmasına metodiki rəhbərliyi həyata keçirir, onlara fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərir, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər verir;

2.2.8. Agentliyin strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil edir və ümumiləşdirir, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

2.2.9. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

2.2.10. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.11. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.12. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

2.3.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;

2.3.3. Agentliyin strukturları tərəfindən hazırlanmış hüquqi aktların, müqavilələrin, təşkilati-sərəncam sənəd layihələrinin, məktub və sorğuların hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və təkmilləşdirilməsinə dair təkliflər vermək;

2.3.4. müvafiq sahədə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Agentliyin fəaliyyətinə aid qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

2.3.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarına müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.6. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;

2.3.7. Agentliyin iştirak etdiyi məhkəmə baxışlarında Agentliyin strukturlarının əməkdaşlarının mütəxəssis və ya şahid qismində çıxış etmələri üçün rəhbərlik qarşısında məsələ qaldırmaq;

2.3.8. Agentliyin strukturlarının əməkdaşları tərəfindən qanunvericiliyin, təşkilati-sərəncam sənədlərinin tələblərinin pozulmasını, habelə onlara həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına, səlahiyyətlərin dəqiqləşdirilməsinə, fəaliyyətin yaxşılaşdırılmasına dair təkliflər hazırlamaq;

2.3.9. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və onların tətbiqi imkanlarını araşdırmaq, müvafiq təkliflər hazırlamaq;

 2.3.10. şöbənin əməkdaşlarının ixtisasının artırılması istiqamətində təkliflər vermək;

2.3.11. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

2.3.12. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

 

3. Şöbənin idarə olunması

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində direktor  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə direktora tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) direktor tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu direktorun əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.