Правила

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

İnformasiya texnologiyaları şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

    1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan İnformasiya texnologiyaları şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin vahid kompüter şəbəkəsinin, internet səhifəsinin yaradılması, təkmilləşdirilməsi, onların işinin təşkil olunması, keyfiyyətli, təhlükəsiz və fasiləsiz internet bağlantısının təmin edilməsi sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.
    2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin (bundan sonra – sədr) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), həmçinin bu Əsasnaməni rəhbər tutur.
    3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının bölmələri, strukturuna daxil olan (tabeliyindəki) qurumları (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları

 

2.1.Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Agentliyin müasir standartlara uyğun informasiya sistemlərinin yaradılmasına, tətbiqi və inkişaf etdirilməsinə texniki dəstək verir;

2.1.2. müvafiq məlumat bazalarının formalaşdırılması, genişləndirilməsi və mövcud informasiya sistemlərinə texniki dəstək göstərir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentlik üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini,  təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir;

2.2.2. Agentliyin kompüter, server və şəbəkə avadanlığının əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiya edilməsi və işlək vəziyyətdə saxlanmasını təmin edir, bu sahədə nəzarəti həyata keçirir;

2.2.3. Agentliyin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir;

2.2.4. Agentliyin internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün optimal şəraitin yaradılmasını təmin edir;

2.2.5. Agentliyin Aparatının kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təşkil və təmin edir;

2.2.6. Agentliyin fəaliyyəti üçün alınacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının parametrlərini müəyyən edir və texniki tələblərin müəyyən olunmasını həyata keçirir;

2.2.7. müvafiq sahədə qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;

2.2.8. informasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problem və nasazlıqları aradan qaldırır;

2.2.9. Agentliyin əməkdaşlarına vəzifə səlahiyyətlərinə uyğun olaraq informasiya sistemlərinə daxil olma hüquqlarının verilməsini təmin edir;

2.2.10.  Agentliyin lokal və qlobal şəbəkələrinin yaradılması, dəstəklənməsi üzrə işləri yerinə yetirir, mütəmadi monitorinqlərin aparılmasını təmin edir;

2.2.11. Agentliyin informasiya sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması, qəza hallarının və səhvlərin təsirinin azaldılması, eləcə də nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür, sistemlərin ehtiyat surətlərinin çıxarılmasını və saxlanılmasını təşkil edir;

2.2.12. Agentlikdə interneti və internet xidmətindən istifadəni təşkil edir, habelə elektron sənəd dövriyyəsinin fəaliyyəti ilə bağlı aidiyyəti tədbirlər görür;

2.2.13. Agentliyin Aparatının inzibati binasına (xidməti sahəsinə) giriş-çıxış və video müşahidə sistemlərinin qurulmasında iştirak edir, həmin sistemlərin etibarlı fəaliyyətini təmin edir;

2.2.14. Agentliyin informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir;

2.2.15. Agentlikdə mövcud olan proqram təminatına, təşkilati texniki vasitələrə xidməti təşkil edir, onların işlək vəziyyətdə olmasını təmin edir;

2.2.16. Agentliyin əməkdaşlarına informasiya texnologiyaları (bundan sonra – İT) sahəsində praktiki köməklik göstərir, proqram və texniki vasitələrin quraşdırılmasını təmin edir;

2.2.17. Agentlik üzrə proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemlərin həlli üzrə tədbirlər görür;

2.2.18. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.19. müvafiq sahədə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və icrasını təmin edir;

2.2.20. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.21. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. Agentlikdə tətbiq olunan iş proseslərinin proqram təminatının yaradılması, kompüter və şəbəkə avadanlıqlarının idarə edilməsi, Agentliyin internet səhifəsinin, elektron poçtunun fasiləsiz işinin təşkili prosesinə zərurət yarandıqda mütəxəssislərin cəlb edilməsi üçün Agentliyin rəhbərliyinə müvafiq təkliflər vermək;

2.3.2. Agentliyin strukturlarının İT-nin idarə edilməsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsindəki fəaliyyətinə nəzarəti və metodiki rəhbərliyi həyata keçirmək;

2.3.3. müvafiq sahədə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Agentliyin fəaliyyətinə aid informasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

2.3.4. İT sahəsində modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata keçirilməsi üçün təkliflər vermək;

2.3.5. müvafiq sahədə Agentliyin strukturları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin layihələrinə dair təkliflər vermək;

2.3.6. müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;

2.3.7. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Agentliyin strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.8. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;

2.3.9. müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

2.3.10. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

2.3.11. şöbənin funksiyalarının icrası üçün lazım gəldikdə, outsorsinq xidmətinin təşkili barədə məsələ qaldırmaq;

2.3.12. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

 

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) sədr tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

 

4.1. Texniki təminat sektorunun vəzifələri aşağıdakılardır:

4.1.1. Agentliyin informasiya təminatı sahəsində texniki baxımdan qarşıya qoyduğu məqsəd və hədəflərə nail olmaq üçün işlənilən mexanizmlərin tətbiqində iştirak edir, bu məqsədlə cəlb olunan daxili və xarici resursların əlaqələndirilməsini və səmərəli fəaliyyətini təşkil edir;

4.1.2. mövcud təşkilati resurslar daxilində Agentliyin fəaliyyətinə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ həllərin tətbiq olunması imkanlarını araşdırır və bu istiqamətdə yerli və ya xarici şirkətlərlə aparılan danışıqlarda, təlimlərdə iştirak edir;

4.1.3. Agentliyin Aparatının istifadəçiləri tərəfindən daxil olan müraciətlər əsasında onlara texniki dəstək verir, İT sahəsində Agentliyin strukturlarına praktiki köməklik göstərir;

4.1.4. Agentliyin fasiləsiz iş rejimini təmin etmək üçün şəbəkədə və şəbəkə avadanlıqlarında ehtiyatın yaradılmasını planlaşdırır və təmin edir;

4.1.5. informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görür, o cümlədən təhlükəsiz məlumat mübadiləsini təmin edir, məlumat itkisinin qarşısını alır, daxili və xarici kanallar vasitəsilə Agentliyin məlumatlarına və intellektual mülkiyyətinə icazəsiz girişin qarşısını alır;

4.1.6. informasiya sistemlərinin sanksiyalaşdırılmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;

4.1.7. informasiyanın mərkəzləşmiş halda saxlanılmasını təşkil edir;

4.1.8. Agentliyin strukturlarına informasiya mübadiləsinin təkmilləşdirilməsi məqsədilə lokal və qlobal şəbəkələrin yaradılmasını təmin edir;

4.1.9. lokal və qlobal şəbəkənin, həmçinin serverlərin fasiləsiz işləməsini və qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılmasını təmin edir;

4.1.10. lokal və qlobal şəbəkənin daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparır və tədbirlər görür;

4.1.11. şəbəkəyə uzaqdan daxil olma sisteminin təşkili və idarə olunmasını təmin edir;

4.1.12. şəbəkə və server infrastrukturuna uyğun monitorinq və nəzarət  proqramlarının quraşdırılmasını təmin edir;

4.1.13. Agentliyin lokal və qlobal şəbəkəsinin idarə olunmasında tərəfdaş şirkətlərlə əlaqənin təşkili və qurulmasını təmin edir;

4.1.14. şəbəkənin və serverlərin zəif tərəflərini araşdırır, İT resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün təkliflər verir və müstəqil şəkildə tədbirlər görür;

4.1.15. İT infrastrukturunda zəif nöqtələrin müəyyən edilməsi və kritik (fövqəladə) hadisələrə vaxtında reaksiyanın verilməsi üçün tədbirlər görür;

4.1.16. sistem konfiqurasiyalarının sənədləşdirilməsini təmin edir;

4.1.17. internet, şəbəkə resursları, elektron poçt, çap və digər İT xidmətlərindən istifadə sisteminin təşkili və idarə olunmasını həyata keçirir;

4.1.18. fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasına riayət edir;

4.1.19. İT avadanlıqlarının (server, şəbəkə və s.) quraşdırılması və sazlanmasını, avadanlıqlarının işində aşkarlanan nasazlıqlarla bağlı texniki xidmətin göstərilməsini təmin edir;

4.1.20. İT avadanlıqlarının (server, şəbəkə və s.) dayanıqlı və fasiləsiz işləməsinin təmin edilməsi, o cümlədən avadanlıqların sazlanmasının (konfiqurasiya) və serverlərdə saxlanılan məlumatların (faylların) ehtiyat sürətlərinin yaradılması və bərpasını həyata keçirir;

4.1.21. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.2. Proqram təminatının dəstəyi və inkişafı sektorunun vəzifələri aşağıdakılardır:

4.2.1. Agentliyin informasiya təminatı sahəsində texniki baxımdan qarşıya qoyduğu məqsəd və hədəflərə nail olmaq üçün işlənilən mexanizmlərin tətbiqində iştirak edir, bu məqsədlə cəlb olunan daxili və xarici resursların əlaqələndirilməsini və səmərəli fəaliyyətini təşkil edir;

4.2.2. mövcud təşkilati resurslar daxilində Agentliyin fəaliyyətinə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ həllərin tətbiq olunması imkanlarını araşdırır və bu istiqamətdə yerli və ya xarici şirkətlərlə aparılan danışıqlarda, təlimlərdə iştirak edir;

4.2.3. Agentliyin ehtiyaclarına uyğun olaraq yeni proqram təminatının hazırlaması üzrə layihələrin planlaşdırılması, koordinasiyası, tətbiq edilməsi sahəsində işlər görür;

4.2.4. Agentliyin ehtiyaclarına uyğun olaraq yeni proqram təminatı və avadanlıqların alınmasına dair təkliflər verir, seçim və alış prosesində iştirak edir;

4.2.5. yeni proqram təminatlarının və verilənlər bazalarının Agentliyin İT infrastrukturuna tətbiqini, habelə tətbiq olunmuş proqram təminatlarının və verilənlər bazalarının işlək vəziyyətdə olmasını təmin edir, modernizasiya və miqrasiya (köçürmə) işlərini aparır;

4.2.6. Agentlikdə istifadə olunan proqram təminatının və verilənlər bazalarının sənədləşdirilməsini, proqram təminatının quraşdırılması və konfiqurasiya olunmasını təmin edir;

4.2.7. proqram təminatının və verilənlər bazalarının işini təhlil edir, bu barədə hesabatları Agentliyin rəhbərliyinə təqdim edir;

4.2.8. səlahiyyətlərinə uyğun olaraq İT sistemlərində, o cümlədən proqram təminatı, verilənlər bazalarının işində problemləri aşkar edir, həmin  problemlərin operativ və keyfiyyətlə aradan qaldırılmasını, habelə test və profilaktik işlərin həyata keçirilməsini təmin edir;

4.2.9. fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasına riayət edir;

4.2.10. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.