Правила

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

İnsan resursları və katiblik şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan İnsan resursları və katiblik şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Agentliyin insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılması, əmək intizamına nəzarətin həyata keçirilməsi, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahələrində işlərin tənzimlənməsini, habelə əmək qanunvericiliyinin tətbiqini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin  (bundan sonra – sədr) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyəti istiqamətləri, vəzifə və hüquqları

 

2.1.Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Agentliyin insan resurslarının idarə edilməsi siyasətinə müvafiq olaraq vaxtında, layiqli və peşəkar kadrları işə cəlb edir;

2.1.2. əməkdaşların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafı məqsədi ilə onların mütəmadi olaraq təhsili ilə bağlı tədbir və təlimlər təşkil edir;

2.1.3. Agentliyin strukturları üzrə əməkdaşların əmək intizamına riayət etmələrinə nəzarəti təşkil edir;

2.1.4. maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əmək məhsuldarlığını artırır;

2.1.5. Agentliyin Aparatında kargüzarlıq, sənəd dövriyyəsi, sənədlərin icrasına nəzarət, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərini təmin edir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentliyin kadr təminatının proqnozlaşdırılmasını, ehtiyat kadrların formalaşdırılmasını, işçilərin şəxsi işinin aparılmasını, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin edir;

2.2.2. effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, insan resurslarının idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin edir;

2.2.3. Agentlikdə işə qəbul prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsini, mövcud vakant vəzifələrin komplektləşdirilməsi məqsədi ilə işə qəbul üzrə ilkin seçim, test imtahanları və müsahibələrin təşkilini təmin edir;

2.2.4. Agentlikdə vəzifələrin müvafiq meyarlar əsasında qiymətləndirilməsi kateqoriyalar üzrə təsnifləşdirilməsi, əmək haqqı hədlərinin formalaşdırılması və rəqabətliliyinin təmin edilməsi istiqamətlərində təkliflər işləyib hazırlayır təsdiq olunduqdan sonra tətbiqini həyata keçirir;

2.2.5. əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı tədbirlər görür;

2.2.6. Agentliyin Aparatına yeni işə qəbul olunmuş işçilər üçün adaptasiya proqramlarını hazırlayır və həyata keçirilməsini təmin edir;

2.2.7. əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatları toplayır, yeniləyir və təhlil edir, onların vəzifədə yüksəliş yolu ilə seçilməsi və yerləşdirilməsi, habelə kadr ehtiyatına aid edilməsi üzrə tədbirlər görür;

2.2.8. Agentlik əməkdaşlarının fəaliyyətinin səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi məlumat mübadiləsini və bütün heyət üzrə anket sorğularını aparır, bu sahədə müvafiq təkliflər verir;

2.2.9. qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təmin edir;

2.2.10. Agentliyin əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsini, yerli və beynəlxalq təlim proqramlarının araşdırılmasını və seçilməsini, bununla əlaqədar müvafiq sənədləşmələrin aparılmasını, onların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafı, etik davranış, korrupsiyaya qarşı mübarizə və s. məsələlər üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) davamlı təşkilini təmin edir;

2.2.11. müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrini hazırlayır və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təşkil edir;

2.2.12. Agentliyin strukturlarının struktur və ştat cədvəlləri üzrə təkliflər verir və onların layihələrini hazırlayır;

2.2.13. səlahiyyətləri daxilində Agentliyin Aparatının əməkdaşlarının işə davamiyyətinə nəzarət edir;

2.2.14. Agentliyin əməkdaşlarının əmək müqavilələrini, onlara əlavə və dəyişiklikləri, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə təkliflər hazırlayır, habelə sənədləşmə işlərini aparır, səlahiyyətləri daxilində onlara müvafiq arayışların hazırlanmasını təmin edir, eləcə də əmək müqaviləsi bildirişlərini Elektron Hökumət Portalında qeydiyyatdan keçirir;

2.2.15. əməkdaşlara əmək kitabçalarının verilməsi, doldurulması, onların qeydiyyatının aparılması və saxlanması ilə bağlı tədbirlər görür;

2.2.16. insan resurslarının idarə edilməsi üzrə sənədləşmə və kadr uçot işlərini aparır, informasiya bazasını formalaşdırır və onun avtomatlaşdırmasına dair təkliflər hazırlayır;

2.2.17. əməkdaşların vəzifə təlimatlarının işlənib hazırlanmasını təşkil edir;

2.2.18. insan resursları üzrə statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim edir;

2.2.19. hərbi uçot və təxsisləmə işlərini aparır;

2.2.20. Agentliyin əməkdaşları ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq əmrlər (işə qəbul, yerdəyişmə, işdən azad edilmə, ezamiyyət, məzuniyyət, mükafat, intizam tənbehi, struktur və fəaliyyətlə bağlı digər əmrlər) hazırlayır;

2.2.21. Agentliyin Aparatında kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin edir;

2.2.22. sənəd dövriyyəsinin operativliyinin təmin edilməsi və kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədi ilə kargüzarlıq qaydalarının tələblərinə əməl olunması üzərində Agentliyin Aparatında cari nəzarəti, ərazi idarələrində və təsərrüfat cəmiyyətlərində  isə ümumi nəzarəti həyata keçirir;

2.2.23. Agentliyin Aparatına daxil olan sənədlərin, daxili yazışmaların qeydiyyata alınmasını, surətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını, vaxtında icrasına səlahiyyətləri çərçivəsində nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təmin edir;

2.2.24. Agentliyin sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə yanaşı, sənədlərin dövriyyəsi və icra müddətlərinə nəzarət zamanı aşkar edilmiş pozuntu halları barədə aidiyyəti üzrə məlumat verir;

2.2.25. sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərini müəyyən edir;

2.2.26. xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və onların statistik hesabatlarının aparılmasını təmin edir;

2.2.27. imzalanmış əmrlərin qeydiyyata alınmasını, saxlanılmasını və surətlərinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin edir;

2.2.28. Agentlikdə arxiv işi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibinin formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görür;

2.2.29. fəaliyyət istiqamətləri üzrə əməliyyat planlarının hazırlanmasında iştirak edir, təsdiq olunduqdan sonra onların icrasını aidiyyəti üzrə təmin edir;

2.2.30. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

2.2.31. Agentliyin Aparatında vətəndaşların müraciətləri üzrə kargüzarlıq işlərini aparır, vətəndaşların qəbulunu təşkil edir, müraciətlərə baxılmanın nəticələri barədə hesabatlar hazırlayaraq Agentliyin rəhbərliyinə və aidiyyəti orqanlara təqdim edir;

2.2.32. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.33. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.34. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. Agentliyin ərazi idarələrində və təsərrüfat cəmiyyətlərində insan resursları və kargüzarlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək, səlahiyyətləri daxilində bu işlərin təşkilinə nəzarət etmək;

2.3.2. Agentliyin strukturlarında insan resurslarının idarə edilməsi, kargüzarlıq və vətəndaşların qəbulu və müraciətlərinə baxılması üzrə çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;

2.3.3. Agentliyin struktur bölmələrindən insan resurslarının idarə edilməsi, kargüzarlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərinin həyata keçirilməsi üçün zəruri olan arayışların, məlumatların, hesabatlarının və digər materialların təqdim olunmasını tələb etmək;

2.3.4. Agentliyin əməkdaşlarının ixtisasının artırılması istiqamətində təkliflər vermək;

2.3.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarına müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.6. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

2.3.7. dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;

2.3.8. müvafiq sahədə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq;

2.3.9. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;

2.3.10. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və onların tətbiqi imkanlarını araşdırmaq, müvafiq təkliflər hazırlamaq.

 

3. Şöbənin idarə olunması

 

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr tərəfindən təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) sədr tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.