Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İnsan resursları,
hüquq və kargüzarlığın təşkili şöbəsinin
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Agentliyin insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılması, əmək intizamına nəzarətin həyata keçirilməsi, Agentliyin fəaliyyəti ilə bağlı hüquqi təminat və ekspertiza, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahələrində işlərin tənzimlənməsini, habelə əmək qanunvericiliyinin tətbiqini həyata keçirir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin (bundan sonra sədr) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra təşkilati-sərəncamverici sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi reklam idarələri və təsərrüfat cəmiyyəti (bundan sonra Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyəti istiqamətləri, vəzifə və hüquqları
2.1.Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Agentliyin insan resurslarının idarə edilməsi siyasətinə müvafiq olaraq vaxtında, layiqli və peşəkar kadrları işə cəlb edir;
2.1.2. əməkdaşların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafı məqsədilə onların təhsilləri ilə bağlı mütəmadi tədbir və təlimlər təşkil edir;
2.1.3. Agentliyin strukturları üzrə əməkdaşların əmək intizamına riayət etmələrinə nəzarəti təşkil edir;
2.1.4. maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əmək məhsuldarlığını artırır;
2.1.5. Agentliyin hüquqi təminat və ekspertiza işlərini həyata keçirir;
2.1.6. Agentliyi məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;
2.1.7. Agentliyin Aparatında kargüzarlıq, sənəd dövriyyəsi, sənədlərin icrasına nəzarət, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərini təmin edir.
2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. Agentliyin kadr təminatının proqnozlaşdırılmasını, ehtiyat kadrların formalaşdırılmasını, işçilərin şəxsi işinin aparılmasını, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin edir;
2.2.2. effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, insan resurslarının idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin edir;
2.2.3. Agentlikdə vəzifələrin müvafiq meyarlar əsasında qiymətləndirilməsi, kateqoriyalar üzrə təsnifləşdirilməsi, əmək haqqı hədlərinin formalaşdırılması və rəqabətliliyinin təmin edilməsi istiqamətlərində təkliflər işləyib hazırlayır və təsdiq olunduqdan sonra tətbiqini həyata keçirir;
2.2.4. əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı tədbirlər görür;
2.2.5. əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatları toplayır, yeniləyir və təhlil edir, onların vəzifədə yüksəliş yolu ilə seçilməsi və yerləşdirilməsi, habelə kadr ehtiyatına aid edilməsi üzrə tədbirlər görür;
2.2.6. Agentliyin əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsini, yerli və beynəlxalq təlim proqramlarının araşdırılmasını və seçilməsini, bununla əlaqədar müvafiq sənədləşmələrin aparılmasını, onların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafı, etik davranış, korrupsiyaya qarşı mübarizə və s. məsələlər üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) davamlı təşkilini təmin edir;
2.2.7. müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlayır və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təşkil edir;
2.2.8. Agentliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, müqavilələrin (sazişlərin), təşkilati-sərəncamverici və digər normativ sənədlərin layihələrini hazırlayır və aidiyyəti dövlət orqanları ilə razılaşdırılması üçün tədbirlər görür;
2.2.9. Agentliyə daxil olan və ya Agentliyin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, müqavilələrin (sazişlərin), digər qanunvericilik və təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirir, onların qanunvericiliyə uyğunluğuna dair rəylər verir;
2.2.10. müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında Agentliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici sənədlərində nəzərdə tutulmuş tapşırıqların həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir, bununla bağlı koordinasiya işlərini təşkil edir;
2.2.11. Agentliyin strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil edir və ümumiləşdirir, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
2.2.12. Agentliyin Aparatında kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin edir;
2.2.13. sənəd dövriyyəsinin operativliyinin təmin edilməsi və kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədi ilə kargüzarlıq qaydalarının tələblərinə əməl olunması üzərində Agentliyin Aparatında cari nəzarəti, ərazi reklam idarələrində və təsərrüfat cəmiyyətində isə ümumi nəzarəti həyata keçirir;
2.2.14. Agentliyin sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə yanaşı, sənədlərin dövriyyəsi və icra müddətlərinə nəzarət zamanı aşkar edilmiş pozuntu halları barədə aidiyyəti üzrə məlumat verir;
2.2.15. fəaliyyət istiqamətləri üzrə əməliyyat planlarının hazırlanmasında iştirak edir, təsdiq olunduqdan sonra onların icrasını aidiyyəti üzrə təmin edir;
2.2.16. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;
2.2.17. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;
2.2.18. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
2.2.19. qanunvericilik aktlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
2.3. Şöbənin aşağıdakı hüquqları vardır:
2.3.1. Agentliyin ərazi reklam idarələrində və təsərrüfat cəmiyyətində insan resursları və kargüzarlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək, səlahiyyətləri daxilində bu işlərin təşkilinə nəzarət etmək;
2.3.2. Agentliyin struktur bölmələrindən insan resurslarının idarə edilməsi, kargüzarlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərinin həyata keçirilməsi üçün zəruri olan arayışların, məlumatların, hesabatların və digər materialların təqdim olunmasını tələb etmək;
2.3.3. Agentliyin strukturlarında insan resurslarının idarə edilməsi, kargüzarlıq və vətəndaşların qəbulu və müraciətlərinə baxılması üzrə çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
2.3.4. müvafiq sahədə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Agentliyin strukturları tərəfindən hazırlanmış hüquqi aktların, müqavilələrin, təşkilati-sərəncamverici sənəd layihələrinin, məktub və sorğuların hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və təkmilləşdirilməsinə dair təkliflər vermək;
2.3.5. Agentliyin iştirak etdiyi məhkəmə baxışlarında Agentliyin əməkdaşlarının mütəxəssis və ya şahid qismində çıxış etmələri üçün rəhbərlik qarşısında məsələ qaldırmaq;
2.3.6. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
2.3.7. Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin, təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını, habelə onlara həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsi ilə bağlı səbəb və şəraitin aradan qaldırılmasına, səlahiyyətlərin dəqiqləşdirilməsinə, fəaliyyətin yaxşılaşdırılmasına dair təkliflər hazırlamaq;
2.3.8. Agentliyin əməkdaşlarının ixtisasının artırılması istiqamətində təkliflər vermək;
2.3.9. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarına müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
2.3.10. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
2.3.11. dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;
2.3.12. müvafiq sahədə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq;
2.3.13. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;
2.3.14. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və onların tətbiqi imkanlarını araşdırmaq, müvafiq təkliflər hazırlamaq.
3. Şöbənin idarə olunması
3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr tərəfindən təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) sədr tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.
3.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu şöbənin müdir müavini və ya sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.
3.3. Şöbə müdirinin sədr tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilən müavini var. Şöbə müdirinin müavini, şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
3.3. Şöbənin digər əməkdaşları da sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
3.4. Şöbə müdiri:
3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;
3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;
3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
3.4.10. şöbəni təmsil edir.
3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri
4.1. İnsan resursları sektorunun vəzifələri aşağıdakılardır:
4.1.1. müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar və digər sənəd layihələrini hazırlayır, təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin edir;
4.1.2. Agentlikdə işçi ehtiyaclarını müəyyən edir, həmin ehtiyaclara uyğun olaraq əmək bazarını araşdırır və müvafiq kadrların cəlb olunmasını təmin edir;
4.1.3. Agentlikdə işə qəbul prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsini, mövcud vakant vəzifələrin komplektləşdirilməsi məqsədi ilə işə qəbul üzrə ilkin seçim, test imtahanları və müsahibələrin təşkilini təmin edir;
4.1.4. Agentliyin Aparatına yeni işə qəbul olunmuş işçilər üçün adaptasiya proqramlarını hazırlayır və həyata keçirilməsini təmin edir;
4.1.5. Agentliyin əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsi, yerli və beynəlxalq təlim proqramlarının araşdırılması və seçilməsi, bununla əlaqədar müvafiq sənədləşmələrin aparılmasını təşkil edir;
4.1.6. Agentliyin əməkdaşlarının əmək haqqı hədlərinin rəqabətliliyinin ümumi əmək bazarına uyğunlaşdırılması istiqamətində təkliflər hazırlayır;
4.1.7. Agentliyin strukturlarının struktur və ştat cədvəlləri üzrə təkliflər verir və onların layihələrini hazırlayır;
4.1.8. əməkdaşların peşə hazırlığı səviyyəsinin, bilik bacarıqlarının inkişafı, habelə etik davranış və korrupsiyaya qarşı mübarizə və s. məsələlər üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) davamlı təşkilini təmin edir;
4.1.9. Agentlik əməkdaşlarının fəaliyyətinin müvafiq meyarlar əsasında qiymətləndirilməsini və təhlilini təmin edir, onların nəticələrinə əsasən müxtəlif maddi və qeyri maddi motivasiya və intizam tənbehlərinə dair tədbirlərinin tətbiqi üzrə təkliflər verir;
4.1.10. qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi, habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təmin edir;
4.1.11. Agentlik əməkdaşlarının vəzifədə yüksəlişi və kadr ehtiyatına aid edilməsi üzrə zəruri tədbirlər görür;
4.1.12. əməkdaşların vəzifə təlimatlarının işlənib hazırlanmasını təşkil edir;
4.1.13. əməkdaşlara əmək kitabçalarının verilməsi, doldurulması, onların qeydiyyatının aparılması və saxlanması ilə bağlı tədbirlər görür;
4.1.14. insan resurslarının idarə edilməsi üzrə sənədləşmə və kadr-uçot işlərini aparır, informasiya bazasını formalaşdırır və onun avtomatlaşdırmasına dair təkliflər hazırlayır;
4.1.15. hərbi uçot və təxsisləmə işlərini aparır;
4.1.16. səlahiyyətləri daxilində Agentliyin Aparatının əməkdaşlarının işə davamiyyətinə nəzarət edir;
4.1.17. Agentliyin əməkdaşlarının əmək müqavilələrini, onlara əlavə və dəyişiklikləri, üzrə təkliflər hazırlayır, habelə sənədləşmə işlərini aparır, səlahiyyətləri daxilində müvafiq arayışların hazırlanmasını təmin edir, eləcə də əmək müqaviləsi bildirişlərini elektron informasiya sistemində qeydiyyatdan keçirir;
4.1.18. Agentliyin əməkdaşları ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq əmrlər (işə qəbul, yerdəyişmə, işdən azad edilmə, ezamiyyət, məzuniyyət, mükafat, intizam tənbehi, struktur və fəaliyyətlə bağlı digər əmrlər) hazırlayır;
4.1.19. insan resursları üzrə statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim edir;
4.1.20. qanunvericilik aktlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
4.2. Hüquq sektorunun vəzifələri aşağıdakılardır:
4.2.1. Agentliyin fəaliyyəti ilə bağlı mülki və digər xarakterli müqavilələr hazırlayır, həmçinin Agentliyin strukturlarından və digər təsisatlardan daxil olmuş belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirir;
4.2.2. Agentliyin hüquq və qanuni mənafelərini məhkəmələrdə müdafiə edir, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, vəsatətlərin apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin edir;
4.2.3. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin edir;
4.2.5. Agentliyin strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil edir və ümumiləşdirir, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
4.2.6. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;
4.2.7. sektorun fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və aidiyyəti üzrə təqdim edir;
4.2.8. qanunvericilik aktlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
4.3. Kargüzarlığın təşkili sektorunun vəzifələri aşağıdakılardır:
4.3.1. Agentliyin Aparatında kargüzarlığın, o cümlədən elektron sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin edir;
4.3.2. Agentliyin Aparatına daxil olan sənədləri qəbul edir, həmin sənədlərin və daxili yazışmaların qeydiyyata alınmasını, elektron sənəd dövriyyəsi sistemi vasitəsi ilə aidiyyəti üzrə çatdırılmasını və vaxtında icrasına səlahiyyətləri çərçivəsində nəzarətin həyata keçirilməsini, müvafiq qaydada arxivə təhvil verilməsini təmin edir;
4.3.3. sənəd qovluqlarının düzgün formalaşdırılmasını, işlərin sistemləşdirilməsini və uçotunu həyata keçirir, onların saxlanma müddətlərini müəyyən edir;
4.3.4. xaric olan sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü və əlavələrin mövcudluğunu yoxlayır, müvafiq səhvlər aşkar edildikdə səbəbi göstərilməklə həmin sənədi Agentliyin müvafiq strukturlarına geri qaytarır;
4.3.5. xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və onların statistik hesabatlarının aparılmasını təmin edir;
4.3.6. ünvanına çatmadan geri qayıtmış sənədləri aidiyyəti üzrə çatdırılması üçün icraçıya təqdim edir;
4.3.7. Agentliyin sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətlərinə nəzarət edir, pozuntu halları barədə aidiyyəti üzrə məlumat verir;
4.3.8. imzalanmış əmrlərin qeydiyyata alınmasını, saxlanılmasını və surətlərinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin edir;
4.3.9. Agentliyin Aparatında vətəndaşların müraciətləri üzrə kargüzarlıq işlərini aparır, vətəndaşların qəbulunu təşkil edir, müraciətlərə baxılmanın nəticələri barədə hesabatlar hazırlayaraq Agentliyin rəhbərliyinə təqdim edir;
4.3.10. Agentlikdə arxiv işi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibinin formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görür;
4.3.11. vətəndaşların müraciətlərinə baxılmasının nəticələri barədə dövrlər üzrə hesabatlar (aylıq, rüblük, illik) hazırlayaraq Agentliyin rəhbərliyinə və aidiyyəti dövlət orqanlarına təqdim edir;
4.3.12. qanunvericilik aktlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.