Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən dövlət dilinin qorunması və təşviqi istiqamətində növbəti maarifləndirmə kampaniyasına start verilib. Kampaniya çərçivəsində açıq məkanda yerləşən reklam qurğularında “Dilimizi qoruyaq, sevək və yaşadaq!” şüarı ilə sosial reklamların yayımına başlanılıb.
Layihənin əsas məqsədi ictimai diqqəti ana dilinin düzgün istifadəsinə yönəltmək, xüsusilə reklam və kommersiya məzmunlarında dövlət dilinin norma və qaydalarına əməl olunmasını təşviq etməkdir. Yeni nəsil reklam qurğularında yayımlanan vizuallar vasitəsilə həm sahibkarlara, həm də geniş ictimaiyyətə çağırış edilir ki, Azərbaycan dilinin zənginliyi qorunsun və gündəlik istifadədə düzgün tətbiq olunsun.
Qeyd edək ki, bu təşəbbüs təkcə açıq məkandakı reklamlar ilə məhdudlaşmır. Agentlik tərəfindən sosial media platformalarında da eyni mövzuda kampaniya aparılır, həmçinin sahibkarlıq subyektlərinə yönəlik maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, açıq məkanda reklamı olan sahibkarlara SMS vasitəsilə informativ məlumatlar göndərilir, dövlət dilinin reklam mətnlərində düzgün istifadəsi ilə bağlı tövsiyələr verilir.
Maarifləndirmə kampaniyaları mərhələli şəkildə davam etdiriləcək. Gələcəkdə həm ənənəvi, həm də rəqəmsal platformalarda yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Məqsəd isə cəmiyyətdə dilə həssas yanaşmanı gücləndirmək və dövlət dilinin bütün sahələrdə üstün mövqeyini təmin etməkdir.