Azərbaycan Kooperasiya Universitetində tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsi istiqamətində növbəti maarifləndirici tədbir təşkil olunub. Təlim 2024-cü ilin oktyabr ayında Dövlət Reklam Agentliyi (ADRA) ilə universitet arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində həyata keçirilib. Sözügedən əməkdaşlıq tərəflər arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və tələbələrin reklam sahəsində peşəkar bacarıqlarının inkişafına xidmət edir.
Tədbir çərçivəsində ADRA-nın Aparatının Reklam layihələrinin tərtibi və estetik ekspertizası şöbəsinin müdiri Pərvanə Əliyeva tərəfindən “Emosional marketinq” mövzusunda geniş təqdimat keçirilib. Təlim zamanı iştirakçılara emosional marketinq anlayışının mahiyyəti, brend-kommunikasiyada emosiyaların rolu, istehlakçı davranışına təsir edən psixoloji amillər, eləcə də açıq məkanda reklam fəaliyyətinin xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, müasir dövrdə reklamın effektivliyinin artırılması üçün istifadə olunan innovativ yanaşmalar, vizual estetik tələblər və ictimai mühitə uyğun reklam strategiyalarının qurulması məsələləri də diqqətə çatdırılıb. Təlimdə real layihələr əsasında nümunələr təqdim olunub, uğurlu reklam kampaniyalarının analizi aparılıb və tələbələrə praktik tövsiyələr verilib.
İnteraktiv formatda təşkil edilən tədbir zamanı tələbələr mövzu ilə bağlı suallarını səsləndirib, müzakirələrdə fəal iştirak edərək mövzu üzrə biliklərini daha da dərinləşdirmək imkanı əldə ediblər. Bu cür qarşılıqlı ünsiyyət təlimin effektivliyini artırmaqla yanaşı, iştirakçıların analitik düşüncə və tətbiqi bacarıqlarının inkişafına da müsbət təsir göstərib.
Təlimin sonunda Azərbaycan Kooperasiya Universiteti tərəfindən Dövlət Reklam Agentliyinə və qurumun rəsmisi Pərvanə Əliyevaya əməkdaşlığa verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, bu kimi təşəbbüslər Memorandum çərçivəsində əməkdaşlığın davamlı xarakter daşıdığını nümayiş etdirir və tələbələrin gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır.