Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Aparatının rəhbəri Nahid Qasımov ölkəmizdə insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixində təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın bu sahədə sistemli fəaliyyətin əsasını qoyduğunu, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə isə həmin günün Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Agentliyin Hüquq şöbəsinin müdiri Fərid Əfəndiyev insan hüquq və azadlıqlarının müdafiəsinin əhəmiyyəti, bu sahədə milli qanunvericiliyin tələbləri, eləcə də müasir dövrdə insan hüquqları ilə bağlı aktual çağırışlar barədə iştirakçılara ətraflı məlumat verib. O, rəqəmsal mühitdə hüquqların qorunması, şəxsi məlumatların təhlükəsizliyi, süni intellekt texnologiyalarının etik tətbiqi, dezinformasiyaya qarşı mübarizə və hüquqi maarifləndirmənin əhəmiyyətindən bəhs edib.
Toplantıda həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən insan hüquqlarının təbliği və ictimai maarifləndirmə məqsədilə açıq məkandakı reklam qurğularında mütəmadi olaraq sosial məzmunlu məlumatlar yayımlanır, Agentliyin rəsmi sosial şəbəkə hesablarında isə insan hüquqları mövzusunda maarifləndirici paylaşımlar həyata keçirilir. Bu təşəbbüslər cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına və insan hüquqları ilə bağlı məlumatlılığın artırılmasına xidmət edir. Sonda insan hüquqlarının təbliği və müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.