Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində 2026–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiyaya dair Yol Xəritəsinin müzakirəsinə həsr olunan iclas keçirilib. İclasda Yol Xəritəsinin əsas məqsədləri, strateji istiqamətləri və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. Bildirilib ki, sənəd rəqəmsal inkişaf üzrə müəyyən edilmiş prioritetlərin Agentliyin fəaliyyətinə uyğun şəkildə həyata keçirilməsini nəzərdə tutur. Qeyd olunub ki, Yol Xəritəsi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında hazırlanıb.
Yol Xəritəsində açıq məkanda reklam fəaliyyətinin rəqəmsal idarə olunması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, “MyGov” platformasına inteqrasiya, daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması, data idarəçiliyi, Hökumət Buluduna keçid, süni intellekt və innovativ həllərin tətbiqi, həmçinin kibertəhlükəsizliyin gücləndirilməsi kimi istiqamətlər öz əksini tapıb.
İclasda Yol Xəritəsinin icrasının mütəmadi izlənilməsi, aidiyyəti üzrə hesabatların hazırlanması və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə koordinasiyanın davam etdirilməsi məsələlərinə də toxunulub. Bildirilib ki, tapşırıqların icrasının rəqəmsal platformalar vasitəsilə izlənilməsi nəzərdə tutulur. Əsas məqsəd Yol Xəritəsini yalnız plan sənədi kimi deyil, ölçülə bilən nəticələrə, mütəmadi monitorinqə və konkret məsuliyyət bölgüsünə əsaslanan idarəetmə aləti kimi formalaşdırmaqdır.