Cəmiyyətin sağlam inkişafı hər bir fərdin düzgün seçimlərindən başlayır. Bu gün dünyada və ölkəmizdə narkotik maddələrdən istifadənin yaratdığı təhlükələr daha geniş müzakirə olunur, xüsusilə gənclərin bu risklərdən qorunması əsas prioritetlərdən birinə çevrilib. “Sağlam gələcək bu gündən başlayır. Narkotikə YOX deyək, gələcəyimizi qoruyaq” çağırışı da məhz bu məqsədə xidmət edir.
Mütəxəssislər bildirirlər ki, narkotik vasitələr yalnız fərdin sağlamlığına deyil, həm də ailə və cəmiyyətə ciddi zərər vurur. Asılılıq insanın həyat keyfiyyətini aşağı salır, sosial münasibətlərini pozur və gələcək perspektivlərini məhdudlaşdırır. Bu səbəbdən erkən maarifləndirmə və profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində açıq məkanlarda yerləşən reklam qurğularında da maarifləndirici sosial reklamlar yayımlanır. Həmin sosial çarxlar və vizual materiallar vətəndaşları narkotiklərin zərərləri barədə məlumatlandırmaqla yanaşı, xüsusilə gəncləri sağlam həyat tərzinə təşviq edir. Mesajlar aydın və təsirli formada təqdim olunaraq, hər kəsi düşünməyə və düzgün seçim etməyə çağırır.
Qeyd edək ki, bu kimi təşəbbüslər cəmiyyətin bütün təbəqələrinin diqqətini mövzuya yönəltməklə yanaşı, birgə mübarizənin vacibliyini də ön plana çıxarır. Sağlam gələcəyin təmin olunması üçün hər bir fərd məsuliyyət hissi ilə yanaşmalı, zərərli vərdişlərdən uzaq durmalı və ətrafındakı insanlara da bu istiqamətdə dəstək olmalıdır.
Unutmayaq ki, sağlam gələcək bu gündən başlayır. Narkotikə “yox” demək isə sabahımızı qorumağın ən doğru yoludur.