Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri, reklam daşıyıcıları yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
Əgər reklam bələdiyyə mülkiyyətinin üzərindədirsə o zaman icazə Dövlət Reklam Agentliyindən alınmalıdır. Sahibkar ADRA-ya müraciət etdikdən sonra müvafiq sənədləşmə prosesi icra olunur. Daha sonra Agentliklə bələdiyyə arasında müqavilə bağlanır. Reklam yerləşdirilməsinə icazə üçün ödənilən rüsumun 10 %-i məbləğində əlavə haqq bələdiyyənin hesabına köçürülür.
Açıq məkanda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin, həmçinin bütün növ tütün məmulatlarının reklamının yayımlanması qadağandır.
Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.
Memarlıq abidələrinin (binalarının) üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsinə icazə verilmir.
Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsinə yol verilmir.
Reklam qurğusunun binanın fasadının tinlərində yerləşdirilməsinə icazə verilmir.
Reklamın binanın fasadında dekorativ-bədii və ya mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə boyama, yapışdırma və digər metodlarla yerləşdirilməsi qadağandır.
Reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə icazə verilmir.