Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ölkə ərazisində (Şuşa şəhərinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin edən publik hüquqi şəxsdir.
Reklam, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.
Əmtəənin özü yox, onun barəsində yayımlanan məlumat reklam hesab edilir.
Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.
Şəxs Şuşa şəhərinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla digər ərazilərdə açıq məkanda reklam yerləşdirmək istədikdə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən icazə almalıdır. Bu icazəni Agentliyin onlayn “İcazələr sistemi” vasitəsilə də almaq mümkündür.
Nəzərə çatdırırıq ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Şuşa şəhərinin ərazisinə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsinə müraciət edilməlidir.
Açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün:
• Reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
• Reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
• Reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
• Reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı;
• Reklamın eskizi və ölçüləri;
• İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;
• Reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi tələb olunur.
Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına maksimal 3 illik icazə verilir.
Reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə görə verilən icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət etməlidir.
Açıq məkanda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilər, həmçinin bütün növ tütün məmulatları və elektron siqaretlərin reklamı qadağandır.
Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi, həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda ödənilmiş haqq geri qaytarılmır.
Açıq məkanda reklam yayımına görə haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün müəyyən edilir. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün müəyyən edilir.
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği isə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli 1743 nömrəli Fərmanı ilə müəyyənləşdirilmişdir.
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumu və yayım haqqının məbləğini Dövlət Reklam Agentliyinin rəsmi www.adra.gov.az internet səhifəsinin kalkulyator bölümündə müvafiq xanaları doldurmaqla hesablamaq mümkündür.
Bu ödənişləri banklar, “ASAN ödəniş” sistemi, digər ödəniş portalları, mobil tətbiqlər “MilliÖN”, “e-Manat”, “MPAY”, “e-Pay” və “Yelo Bank” terminalları vasitəsilə etmək mümkündür.
Reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi halda da reklam yayıcısı müvafq qurumdan (ADRA) icazə almalıdır. Reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq qurum (ADRA) arasında müqavilə bağlanılır. Bu halda reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi məbləğində əlavə haqq ödəyir.
Sosial şəbəkələr, saytlarda yayımlanan reklamlara, habelə nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklamlara nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin səlahiyyətləri xaricindədir.
Avtomobil yollarının kənarında torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır.
Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Açıq məkanda yayımlanan reklamın mətnində Azərbaycan Respulikasının dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.
Açıq məkanda reklamlarla bağlı sualı və ya təklifi olan istənilən şəxs gün ərzində Agentliyin 1412 Çağrı Mərkəzinə zəng vura, (077) 677 1412 whatsapp nömrəsinə yaza, həmçinin info@adra.gov.az mail ünvanına və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin facebook, instagram, twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə onları maraqlandıran məsələlərlə bağlı müraciət edə bilərlər.
Bakı şəhərinin ərazisində yerləşən memarlıq abidələrində eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsinə icazə verilmir.
Bakı şəhərinin ərazisində olan memarlıq abidələrinin (binalarının) üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsinə icazə verilmir.
Afişa stendindən teatr, kinoteatr, idman və digər kütləvi tədbirlərin repertuarı barədə məlumatın yerləşdirilməsi məqsədi ilə istifadə olunur. Afişa stendlərində yayımlanan reklam materiallarında yalnız keçirilən tədbirlər və onların sponsorları barədə məlumatlar yerləşdirilə bilər.
Bakı şəhərinin ərazisində olan binanın fasadında reklamın dekorativ-bədii və ya mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə boyama, yapışdırma və digər metodlarla yerləşdirilməsi qadağandır.
Bakı şəhərinin ərazisində olan binanın lociya, balkon və eyvanlarında reklam yerləşdirilməsinə yol verilmir.
Bakı şəhərinin ərazisində olan binanın üzrində fasad reklamları hərflər, rəqəmlər, bədii-dekorativ elementlər şəklində olmaqla ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin birinci və ikinci mərtəbələrinin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda, giriş hissələrinin və ya pəncərələrinin yuxarısında, həmçinin obyektlərin pəncərələri arasındakı aralıq divarlarda yerləşdirilməlidir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində olmalıdır.
Bakı şəhərinin ərazisində olan binada vitrin üzərində reklam qurğusu vitrin şüşəsinin xarici və ya daxili tərəfində yerləşdirilir. Vitrin şüşəsində reklam səthinin sahəsi vitrinin ümumi sahəsinin 50 faizindən çox olmamalıdır. Vitrin üzərində reklam qurğusu bərkidici və ya altlıq elementlərindən istifadə etməklə yerləşdirilə bilər.
Bakı şəhərinin ərazisində olan binanın üzrində kronşteyn panel qurğusu birinci və ikinci mərtəbələrin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda yerləşdirilməli, eləcə də yer səviyyəsindən kronşteyn panel qurğusunun aşağı kənarınadək məsafə ən azı 2 metr 20 sm olmalıdır. Kronşteyn panel qurğuları arasındakı məsafə 3 metrdən az ola bilməz. Binada eyni obyektə aid yalnız 1 kronşteyn panel qurğusu yerləşdirilə bilər. Kronşteyn panel qurğusunun hündürlüyü 1 metrdən, eni isə 20 sm dən çox olmamalıdır. Tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda yerləşdirilən kronşteyn panel qurğusu isə hündürlüyünə və uzunluğuna görə 50 sm dən çox olmamalıdır.
Bakı şəhərində olan binanın zirzəmi mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında reklam yerləşdirmək mümkün olmadıqda və ya yerləşdirilmiş reklamlar qarşıdan baxılarkən görünmədikdə məhəccərdə reklam yerləşdirmək mümkündür. Məhəccər metal konstruksiya şəklində və ya memarlıq elementlərindən ibarət olduqda onun tutacaq hissəsi istisna olmaqla, səthində reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Məhəccərin tutacaq hissəsində quraşdırılan reklam qurğusunun reklam yerləşdirilən səthi 0,50 x 0,50 metrədək, yer səviyyəsindən yuxarı kənarınadək məsafə maksimum 1,50 metrədək təşkil edir, digər hallarda isə reklam məhəccərin ümumi ölçüsünün 50 faizindən çox olmayaraq tam mərkəzdə yerləşdirilir.
Reklam qurğusunun binanın fasadının memarlıq detallarında yerləşdirilməsinə icazə verilmir. Eləcə də reklam qurğusu memorial lövhələrə, həmçinin memarlıq abidələrinin məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilə bilməz.
Reklamlarda qanunvericiliyin tələblərinin pozulması hallarını aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edilir. İcrası məcburi olan yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, həmin reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülür.