Regulation

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

İcazə və razılaşdırma şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan İcazə və razılaşdırma şöbəsi (bundan sonra – Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində reklam yayıcılarının müraciətlərinə əsasən ölkə ərazisində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklamların yayımlanmasına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və istismarına icazələrin verilməsi, həmçinin adıçəkilən Məcəllə ilə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılmasının razılaşdırılması, sözügedən icazələrin ekspertizası və uçotunun aparılması, eləcə də reklam qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı inzibati xətalara dair icraatın başlanması sahələrində işlərin tənzimlənməsini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin (bundan sonra – sədr) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları

 

2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. reklam yayıcılarının müraciətlərinə əsasən ölkə ərazisində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklamların yayımlanmasına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və istismarına icazələrin verilməsi, həmçinin adıçəkilən Məcəllə ilə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılmasının razılaşdırılması sahəsində işlərin tənzimlənməsini həyata keçirir;

2.1.2. bu Əsasnamənin 2.1.1-ci yarımbəndində göstərilən icazələrin ekspertizasını, uçotunu və elektron bazaya daxil edilməsini həyata keçirir;

2.1.3. reklam qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı inzibati xətalara dair işlər üzrə icraatların başlanılmasını təmin edir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. reklam yayıcılarının açıq məkanda reklam yayımına, qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və istismarına icazələrin verilməsi, həmçinin tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılmasının razılaşdırılması ilə bağlı daxil olmuş müraciətlərini və həmin müraciətlərə əlavə edilmiş sənədləri aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun olaraq yoxlayır və icraata qəbul edir;

2.2.2. bu Əsasnamənin 2.2.1-ci yarımbəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi çərçivəsində təqdim edilmiş müraciətdə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən, həmçinin reklam qurğusunun quraşdırılmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, onların tamamlanması üçün zəruri hərəkətlər barədə reklam yayıcısına bildiriş (məlumat) verir, reklam qurğularının istismarına icazənin verilməsinə münasibətdə isə həmin qurğuları müayinə edir;

2.2.3. reklam yayıcısı bu Əsasnamənin 2.2.2-ci yarımbəndində göstərilən çatışmazlıqları qanunvericiliklə müəyyən edilmiş müddətdə aradan qaldırmadıqda, ərizənin baxılmamış saxlanılması haqqında (reklam qurğusunun tikintisinə münasibətdə icazənin verilməsindən imtina haqqında) inzibati aktın qəbul edilməsi üçün Agentliyin rəhbərliyi qarşısında məsələ qaldırır və bu barədə məlumatın reklam yayıcısına təqdim olunmasını (göndərilməsini) təmin edir;

2.2.4. təqdim edilmiş müraciətlərin və onlara əlavə edilmiş sənədlərin, tikintisi başa çatmış reklam qurğularının, eləcə də tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən etdikdə, müvafiq olaraq, açıq məkanda reklam yayımına, qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və istismarına icazələrin verilməsindən imtina haqqında inzibati aktın qəbul edilməsi və göndərilməsi ilə bağlı, habelə şəxsə bildirişin verilməsi istiqamətində tədbirlər görür;        

2.2.5. açıq məkanda reklam yayımlanması, reklam qurğularının tikintisi, quraşdırılması, onlara konstruktiv dəyişikliklərin edilməsi ilə bağlı təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin tikintisi başa çatmış reklam qurğuları, eləcə də tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil edərsə, müvafiq olaraq, reklam yayıcısına icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildirişin göndərilməsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan tədbirlərin görülməsi (tikintiyə icazənin verilməsinə münasibətdə tikinti layihəsinin qanunvericilik aktlarına uyğun olub-olmaması barədə rəy verilməsi və tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsi), reklam qurğusunun istismarına icazənin verilməsi və iradların olmaması prezumpsiyasından çıxış edilməsi istiqamətində tədbirlər görür;

2.2.6. açıq məkanda reklam yayımı ilə bağlı dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdə və reklam qurğularının tikintisi, quraşdırılması, onlara konstruktiv dəyişikliklərin edilməsi üzrə rəylər müsbət olduqda, müvafiq olaraq, reklam yayımına, qurğularının tikintisi, quraşdırılması, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazələrin verilməsi istiqamətində tədbirlər görür;

2.2.7. reklam qurğularının tikintisi, quraşdırılması, onlara konstruktiv dəyişikliklərin edilməsi ilə bağlı verilmiş icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişanın təqdim edilməsi istiqamətində tədbirlər görür;

2.2.8 reklam qurğularının tikintisi, quraşdırılması, onlara konstruktiv dəyişikliklərin edilməsi ilə bağlı verilmiş icazələrdə nəzərdə tutulan məlumatların 3 iş günü müddətində, istismarına icazədə nəzərdə tutulan məlumatların isə 5 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edilməsini təmin edir;  

2.2.9. açıq məkanda reklam yayımına icazənin verilməsi zamanı reklamın yerləşəcəyi yerin müvafiq xəritələrdə təyin olunmasını və reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajını, həmin yerin rəngli fotosu (sxemi) və vəziyyət planını, reklamın eskizi və ölçülərini müvafiq proqramlar vasitəsilə işlənib hazırlanmasını təmin edir;

2.2.10. reklam yayıcılarından razılaşdırma üçün daxil olan reklamın eskizlərini yoxlayır və hər hansı uyğunsuzluq aşkar edilmədiyi halda onları təsdiq edir;

2.2.11. reklam yayıcıları tərəfindən bu və ya digər səbəblərdən dövlət rüsumu ödənilmədiyi və ya müəyyən edilmiş müddətdən gec ödənildiyi hallarda icazələrin verilməsindən imtina ilə bağlı (reklam yayıcısına bildiriş, xəbərdarlıq göndərmək və s.) tədbirlər görür;

2.2.12. açıq məkanda reklam yayımına görə haqqın qanunvericiliyə uyğun qaydada ödənilməsinə nəzarət edir və bu istiqamətdə zəruri tədbirlər görür;

2.2.13. icazələrin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi barədə reklam yayıcıları tərəfindən daxil olan müraciətlərə əsasən qüvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan tədbirləri görür;

2.2.14. yerləşdirilməsinə icazə verilmiş reklamlardan imtina edilməsi barədə reklam yayıcıları tərəfindən ünvanlanmış müraciətləri yoxlayır;

2.2.15. zərurət yarandıqda və ya qüvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan  hallarda aidiyyəti dövlət qurumlarından rəy alınması üçün onlara sorğular göndərilməsini təmin edir;

2.2.16. icazənin vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi ilə əlaqədar, ödəniləcək haqqın məbləğində baş vermiş dəyişikliklər barədə Agentliyin aidiyyəti strukturuna məlumat verir;

2.2.17. açıq məkanda reklam yerləşdirilməsi, eləcə də reklam qurğusunun tikintisi, quraşdırılması, onlara konstruktiv dəyişikliklərin edilməsi və istismarı ilə bağlı verilmiş icazə itirildikdə və ya zədələndikdə icazə sahibinə, onun müraciətinə əsasən bu barədə arayışın və icazənin dublikatının verilməsi üçün tədbirlər görür;

2.2.18. Agentlik tərəfindən verilmiş, dayandırılmış, bərpa və ya ləğv edilmiş icazələr və onların dubikatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məlumatları əks etdirən reyestrin aparılmasını və mütəmadi olaraq yenilənməsini təmin edir;

2.2.19. Agentlik tərəfindən verilmiş, dayandırılmış, bərpa və ya ləğv edilmiş icazələrlə bağlı müvafiq məlumatların reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinə, hər ayın 10-dək isə adıçəkilən nazirliyə göndərilməsini təmin edir;

2.2.20. qanunvericilikdə nəzərdə tutulmuş hallarda icazələrin vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi barədə daxil olmuş müraciətlərdə göstərilən məlumatların doğruluğunun müəyyən edilməsi ilə əlaqədar Agentliyin strukturlarına sorğular ünvanlayır və onlardan məlumatları (sənədləri) alır;

2.2.21. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı reklam yayıcısının müraciəti əsasında müvafiq bələdiyyə ilə həmin əmlakın icarəsinə dair müqavilə bağlanmasını təmin edir;

2.2.22. açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının və yayımlanan reklamların uçotunu aparır, onların elektron bazasını yaradır və müvafiq məlumatların mütəmadi olaraq həmin bazaya daxil olunmasını təmin edir;

2.2.23. açıq məkanda reklamların yayımlanması, eləcə də reklam qurğularının tikintisi, quraşdırılması, onlara konstruktiv dəyişikliklərin edilməsi sahəsində fəaliyyətin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun olmasına nəzarətin həyata keçirilməsini təmin edir;

2.2.24. açıq məkanda yayımlan reklamların, eləcə də tikilən, quraşdırılan və konstruktiv dəyişikliklər edilən reklam qurğularının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun və digər qanunvericilik aktlarının tələblərinə, memarlıq və şəhərsalma məqsədləri üçün mövcud standartlara uyğun olmasını yoxlayır;

2.2.25. reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür;

2.2.26. müasir informasiya-kommunikasiya texnologiyaları və innovasiyalar tətbiq edilməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılmasında iştirak edir;

2.2.27. qanunvericiliyə uyğun olaraq açıq məkanda reklamların yerləşdirilməsi sahəsində elektron xidmətlərin göstərilməsini təmin edir;

2.2.28. Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin sosial reklamlar vasitəsilə vətəndaşlara çatdırılması ilə bağlı tədbirlər görür;

2.2.29. açıq məkanda reklam yayımı sahəsində icazələrin verilməsi ilə bağlı dövlət tənzimləməsi mexanizmlərinin hazırlanması, əsas istiqamətlərinin formalaşdırılması və həyata keçirilməsində iştirak edir, bu barədə təkliflər verir;

2.2.30. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin açıq məkanda reklam yayımına icazə verilməsi üzrə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı tədbirlər görür;

2.2.31. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, reklamın subyektlərindən, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

2.2.32. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.33. Agentliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin hazırlanmasında iştirak edir;

2.2.34. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.35. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. açıq məkanda reklamların yerləşdirilməsi sahəsində icazələrin verilməsi, dayandırılması, bərpa və ya ləğv edilməsi, qeydə alınması və uçotunun aparılması üzrə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək, təkliflər hazırlamaq;

2.3.2. açıq məkanda reklamların yerləşdirilməsi sahəsində icazələrin verilməsi, dayandırılması, bərpa və ya ləğv edilməsi üzrə fəaliyyətin təkmilləşdirilməsi və reklam yayıcılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflər hazırlamaq;

2.3.3. açıq məkanda reklamların yerləşdirilməsinə icazənin, eləcə də tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılmasına razılığın verilməsi ilə bağlı daxil olmuş müraciətlərdə göstərilən ünvanlara yerində baxış keçirilməsi və ərizədə göstərilən məlumatların dəqiqləşdirilməsi ilə bağlı Agentliyin strukturlarına sorğular ünvanlamaq və onlardan belə məlumatları (sənədləri) almaq;

 2.3.4. inzibati xəta pozuntuları barədə əldə olunmuş məlumatlarla bağlı qanunvericiliyə uyğun tədbir görmək;

2.3.5. açıq məkanda reklam yayımına icazələrin verilməsinin, dayandırılmasının, eləcə də bərpa və ya ləğv edilməsinin uçotunun aparılması üzrə metodik tövsiyələr vermək;

2.3.6. Agentliyin strukturlarının açıq məkanda reklamların yerləşdirilməsi sahəsində fəaliyyətinin yoxlanılmasını təmin etmək, habelə Agentlik üzrə keçirilən yoxlamalarda iştirak etmək;

2.3.7. reklam sahəsinə nəzarətlə əlaqədar reklamın subyektlərindən qanunvericiliyə uyğun alınmış zəruri məlumatları və təklifləri araşdırmaq, təhlil aparmaq və nəticəsi haqqında təkliflər hazırlamaq;

2.3.8. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, müvafiq sahədə keçirilən tədbirlərdə Agentliyi təmsil etmək və onların fəaliyyətində iştirak etmək;

2.3.9. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Agentliyin strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

2.3.10. açıq məkanda reklamların yerləşdirilməsi və onlara nəzarətin həyata keçirilməsi sahəsində xarici dövlətlərin təcrübəsini öyrənmək və bununla əlaqədar fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

2.3.11. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması istiqamətində təkliflər hazırlamaq;

2.3.12. müqavilə əsasında sərbəst ekspert və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 

2.3.13. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

 

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr tərəfindən təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) sədr tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu şöbə müdirinin müavini və ya sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbə müdirinin sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini var. Şöbə müdirinin müavini, şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

3.4. Şöbənin digər əməkdaşları da sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.5. Şöbə müdiri:

3.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.5.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.5.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.5.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.5.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.5.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.5.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.5.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.5.10. şöbəni təmsil edir.

3.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.