Regulation

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

Tərtibat və təchizat şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan Tərtibat və təchizat şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin Aparatının fəaliyyəti ilə bağlı tələb olunan malların (işlərin, xidmətlərin) satınalınması, təchizatı və təyinatı üzrə istifadəsinə nəzarət, əməyin mühafizəsinin təmin olunması, habelə reklam tərtibatı sahəsində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini və istifadəsini təmin etməklə yanaşı, müvafiq layihələrin hazırlanması sahələrində işlərin tənzimlənməsini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin (bundan sonra – sədr) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri , vəzifə və hüquqları

 

2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Agentliyin Aparatı üçün tələb olunan malların (işlərin, xidmətlərin) satınalınmasını, təchizatını və təyinatı üzrə istifadəsini təmin edir;

2.1.2. əməyin mühafizəsinin təmin olunmasına nəzarəti həyata keçirir.

2.1.3. reklam tərtibatı sahəsində qabaqcıl texnologiyalardan istifadəni təmin etməklə müvafiq layihələrin hazırlanmasını həyata keçirir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentliyin Aparatının səmərəli fəaliyyəti üçün zəruri olan xidməti avtonəqliyyat vasitələri, reklam layihələrinin hazırlanmasında zəruri olan texnika və avandanlıqlar, mebel, ofis texnikası və rabitə vasitələri, kargüzarlıq və s. ləvazimatlar üzrə ehtiyaclarını müəyyən edir və onların satın alınması ilə bağlı təkliflər verir;

2.2.2. Agentliyin Aparatı üçün malların (işlərin, xidmətlərin) satınalınması ilə bağlı aidiyyəti strukturlarla birlikdə qanunvericiliklə nəzərdə tutulmuş işləri təşkil edir və tənzimlənməsini həyata keçirir, satın alınan malların (işlərin, xidmətlərin) müvafiq keyfiyyət tələblərinə (standartlarına) uyğunluğuna nəzarət edir;

2.2.3. Agentliyin rəhbərliyinin və Aparatının struktur bölmələrinin səmərəli fəaliyyəti üçün onların xidməti avtonəqliyyat vasitələri ilə təchiz olunması və həmin avtonəqliyyat vasitələrindən təyinatı üzrə istifadə ilə bağlı təkliflər verir; 

2.2.4. Agentliyin Aparatının struktur bölmələrinin səmərəli fəaliyyəti üçün əməkdaşlara lazımi iş şəraitinin yaradılması ilə bağlı rəhbərliyə təkliflər verir;

2.2.5. Agentliyin Aparatında əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsi üzrə zəruri tədbirlər görür;

2.2.6. Agentliyin Aparatında binanın, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi sahəsində tədbirlər görür;

2.2.7. Agentliyin Aparatında bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması məqsədi ilə tədbirlər görür;

2.2.8. Agentliyin Aparatında işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilini və əməyin mühafizəsinin təbliğini həyata keçirir;

2.2.9. Agentliyin Aparatı üzrə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlər görür;

2.2.10. Agentliyin Aparatının balansında (istifadəsində) olan avtonəqliyyat vasitələrinin satın alınması, istismarı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alışı və quraşdırılmasına nəzarət edir;

2.2.11. Agentliyin rəhbərliyinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin maddi təminatı ilə bağlı tədbirlər görür;

2.2.12. Agentliyin Aparatının balansında olan binaların (istifadəsində olan iş sahəsinin), avtonəqliyyat vasitələrinin, inventar və avadanlıqların, qurğuların səmərəli istismar olunması, təyinatı üzrə istifadə edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlər görür;

2.2.13. maddi-texniki təchizatın cari vəziyyəti və inkişafı perspektivləri haqqında analitik materiallar hazırlayır və rəhbərliyə təqdim edir;

2.2.14. maddi-texniki təchizat sahəsində xərclərin azaldılması məqsədi ilə rəhbərliyə təkliflər verir;

2.2.15. Agentliyin Aparatının balansında olan əsas vəsaitlərin dövri olaraq inventarizasiyasının aparılmasını və qiymətləndirilməsini təmin edir, nəticələri barədə məlumatları rəhbərliyə təqdim edir;

2.2.16. Agentliyin strukturlarında malların (işlərin, xidmətlərin) satınalınması və təchizat sahəsində işlərin aparılmasına nəzarəti və metodik rəhbərliyi həyata keçirir;

2.2.17. Agentliyin Aparatının anbarında olan maddi resursların hərəkətinin uçotu ilə əlaqədar məlumat bazası yaradır;

2.2.18. Agentliyin Aparatının balansında (istifadəsində) olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlər görür;

2.2.19. Agentliyin inzibati binasının (iş sahəsinin) yanğından mühafizəsi, ilkin tibbi yardımın təşkili, həmin binada (sahədə) sanitar-gigiyenik normalara riayət olunması və təmizlik işlərinin aparılması ilə bağlı tədbirlər görür;

2.2.20. reklam yayımı sahəsində fəaliyyətin həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaradılması, reklam sektorunun strateji inkişafı və ölkə iqtisadiyyatının inkişafına edəcəyi töhfələrə dair təkliflərin hazırlanıb həyata keçirilməsi üçün tədbirlər görür;

2.2.21. şəhərin xarici dizaynının inkişaf konsepsiyasına uyğun olaraq müvafiq reklam və məlumatların yerləşdirilməsinin optimallaşdırılması, dizayn və tikinti həlləri səviyyəsinin, o cümlədən reklam daşıyıcılarının etibarlılıq dərəcəsinin artırılması sahəsində müvafiq işlər aparır;

2.2.22. reklam tərtibatı sahəsində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini, o cümlədən istifadəsini təmin edir;

2.2.23. müvafiq sahədə vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

2.2.24. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.25. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.26. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. Malların (işlərin, xidmətlərin) satınalınması və təchizat işinin həyata keçirilməsi üzrə zəruri olan materialların təqdim olunmasını Agentliyin strukturlarından tələb etmək;

2.3.2. Agentliyin balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrindən, maddi-texniki təchizat və maddi resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq;

2.3.3. əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin öyrənilməsini, mənimsənilməsini və onlara əməl edilməsini Agentliyin strukturlarından tələb etmək;

2.3.4. Agentliyinin strukturları tərəfindən balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrindən səmərəli və təyinatı üzrə istifadə olunmasına nəzarət etmək;

2.3.5. Agentliyin Aparatının balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrinin dövlət yol polisi orqanlarında qeydiyyatını və icbari sığortasını təşkil etmək;

2.3.6. Agentliyin Aparatının balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrinin təmiz və səliqəli, eləcə də avtomobillərdə quraşdırılmış GPS naviqasiya və video müşahidə sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;

2.3.7. Agentliyin strukturlarında əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;

2.3.8. xidməti zərurətlə əlaqədar Agentliyin strukturlarına, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.9. Agentliyin struktur bölmələrinin istifadəsində olan mebel, ofis texnikası, avadanlıq, rabitə və s. vasitələrə onların olduğu yerlər üzrə baxış keçirmək;

2.3.10. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı Agentliyi dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

2.3.11. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;

2.3.12. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər hazırlamaq;

2.3.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

 

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) sədr tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

 

4.1. Nəqliyyat sektorunun vəzifələri aşağıdakılardır:

4.1.1. Agentliyin Aparatının struktur bölmələrinin səmərəli fəaliyyəti üçün xidməti avtonəqliyyat vasitələri ilə təchiz olunması və onlardan təyinatı üzrə istifadə ilə bağlı rəhbərliyə təkliflər verir;

4.1.2. Agentliyin balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrinin dövlət yol polisi orqanlarında qeydiyyatını və icbari sığortasını təşkil edir;

4.1.3. Agentliyin balansında (istifadəsində) olan xidməti avtonəqliyyat vasitələrində quraşdırılmış GPS naviqasiya və video müşahidə sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasına nəzarət edir;

4.1.4. xidməti avtonəqliyyat vasitələrinin daim təmiz və səliqəli saxlanılmasına nəzarət edir;

4.1.5. Agentliyin Aparatının balansında (istifadəsində) olan avtonəqliyyat vasitələrinin istismarı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alışı və quraşdırılmasını təmin edir;

4.1.6. Agentliyin Aparatının balansında (istifadəsində) olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtonəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlər görür;

4.1.7. Agentliyin Aparatının balansında (istifadəsində) olan avtonəqliyyat vasitələrinin yol hərəkət qaydalarının tələblərinə riayət edilməklə təhlükəsiz idarə olunmasına nəzarət edir;   

4.1.8. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.2. Təminat sektorunun vəzifələri aşağıdakılardır:

4.2.1. Agentliyin Aparatının səmərəli fəaliyyəti üçün zəruri olan mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələri, kargüzarlıq və s. ləvazimatlar üzrə ehtiyaclarını müəyyən edir onların satın alınması ilə bağlı təkliflər verir;

4.2.2. Agentliyin Aparatının struktur bölmələrini tələbnamələrinə əsasən maddi-texniki ləvazimatlarla təmin edir;

4.2.3. qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Agentliyin Aparatında inventarizasiyanın aparılması ilə bağlı tədbirlər görür;

4.2.4. Agentliyin Aparatının balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı təkliflər hazırlayır;

4.2.5. Agentliyin Aparatının yerləşdiyi binanın yanğından mühafizəsi və həmin binada sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı aidiyyəti tədbirlər görür;

4.2.6. Agentliyin balansında (istifadəsində) olan binaların, inventar və avadanlıqların, qurğuların səmərəli istismar edilməsi, onların təmiri ilə bağlı tədbirlər görür;

4.2.7. Agentliyin Aparatında inventarların saz saxlanmasına və təmizlik işlərinin aparılmasına nəzarəti həyata keçirir;

4.2.8. Agentliyin rəhbərliyinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı aidiyyəti tədbirlər görür;

4.2.9. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.3. Tərtibat sektorunun vəzifələri aşağıdakılardır:

4.3.1. müvafiq reklam layihələrinin hazırlanmasını təmin edir;

4.3.2. reklam qurğularının, eləcə də üzərində yerləşdirilən reklamların dizayn layihələrinə, memarlıq və texniki norma və qaydalara uyğun olub-olmamasını müəyyən edir;

4.3.3. reklam tərtibatı sahəsində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini, o cümlədən istifadəsini təmin edir;

4.3.4. fəaliyyət istiqamətləri üzrə işlərin yerinə yetirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsini təmin edir;

4.3.5. şəhərin xarici dizaynının inkişaf konsepsiyasına uyğun olaraq müvafiq reklam və məlumatların yerləşdirilməsinin optimallaşdırılması, dizayn və tikinti həlləri səviyyəsinin,o cümlədən reklam daşıyıcılarının etibarlılıq dərəcəsinin artırılması sahəsində müvafiq işlər aparır;

4.3.6. reklam yayımı sahəsində fəaliyyətin həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaradılması, reklam sektorunun strateji inkişafı və ölkə iqtisadiyyatının inkişafına edəcəyi töhfələrə dair təkliflərin hazırlanması və həyata keçirilməsini təmin edir;

4.3.7. müasir informasiya-kommunikasiya texnologiyalarını və innovasiyaları tətbiq etməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması üzrə tədbirlərdə iştirakı təmin etmək;

4.3.8. müvafiq sahədə ixtisaslı işçi qüvvəsinin cəlb olunması, işçilərin təcrübəkeçmə və ixtisasartırma tələblərinin öyrənilməsi, bu məqsədlə treninqlərin, müxtəlif kursların və s. tədbirlərin həyata keçirilməsini təmin edir;

4.3.9. ölkə daxilində və xaricində forumların, təqdimatların, seminarların, konfransların, sərgilərin, dəyirmi masaların və digər bu kimi tədbirlərin təşkili və keçirilməsini, həmçinin belə tədbirlərdə iştirakı təmin edir;

4.3.10. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.