Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin
Strateji inkişaf və kommunikasiya şöbəsinin
ƏSASNAMƏSİ
- Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan Strateji inkişaf və kommunikasiya şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin fəaliyyəti üzrə prioritet istiqamətlərin və uzunmüddətli inkişaf məqsədlərinin, idarəetmə sisteminin, planlaşdırmanın və proqnozlaşdırmanın müəyyən olunması, kütləvi informasiya vasitələri (bundan sonra – kiv) ilə əlaqələrin qurulması, təbliğat və təşviqatın aparılması, ictimaiyyətin məlumatlandırılması, müvafiq xarici dövlət və qeyri-dövlət qurumlarının təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması, həmçinin protokol xidmətinin aparılması istiqamətlərində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin (bundan sonra – sədr) qərarları, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti qurumları, müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
- Şöbənin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Agentliyin fəaliyyəti ilə bağlı strategiyaları və icra mexanizmləri layihələrini, mövcud iş prosesini planlaşdırır, bu sahədə səmərəliliyinin artırılması və davamlı inkişafın təmin olunması məqsədilə təkliflərin işlənib hazırlanmasını təşkil edir;
2.1.2. çağrı mərkəzinin işini təşkili edir;
2.1.3. beynəlxalq təcrübənin və innovasiyaların öyrənilməsi, tətbiqi imkanlarının araşdırılması, xarici dövlətlərin aidiyyəti qurumları və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın aparılması istiqamətində tədbirlər görür;
2.1.4. kiv-lərlə və ictimaiyyətlə əlaqələr, həmçinin Agentliyin fəaliyyətinin kiv-lərdə işıqlandırılması, təbliğat və təşviqatının aparılması sahələrində işləri həyata keçirir.
2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. Agentliyin fəaliyyətinin strateji məqsədləri və inkişaf istiqamətləri ilə bağlı təkliflər hazırlayır;
2.2.2. Agentliyin qarşıya qoyduğu strateji məqsəd və hədəflərə nail olmaq üçün işlənilən mexanizmlərin (prosedur, qayda, standart və s.) tətbiqində iştirak edir, bu məqsədlə cəlb olunan daxili və xarici resursların əlaqələndirilməsini təşkil edir adıçəkilən sahədə görüləcək kompleks tədbirlərin layihələrini hazırlayır və rəhbərliyə təqdim edir;
2.2.3. reklam yayıcılarına və digər şəxslərə operativ xidmətlərin göstərilməsini, Agentliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin qəbulunu, cavablandırılmasını, digər strukturların səlahiyyətlərinə aid sorğuların aidiyyəti üzrə yönəldilməsini, informasiya sorğularına Agentliyin strukturlarının iştirakı ilə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılmısını təmin edir;
2.2.4. Agentliyin Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin təhlilini aparır, bununla bağlı müvafiq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir, habelə xidmətin keyfiyyət göstəricilərinin ölçülməsi və təkmilləşdirilməsi üzrə təkliflər verir;
2.2.5. qəbul olunmuş strategiyaların effektiv icrası üçün Agentliyin strukturlarından aidiyyəti məlumatları alır, onları sistemləşdirir və təhlil edir, kiv-lər və ictimaiyyətlə əlaqələrində mövcud münasibətlərin yaxşılaşdırılması ilə bağlı, ümumilikdə həyata keçilmiş fəaliyyətin səmərəliliyini qiymətləndirir və təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər verir;
2.2.6. Agentliyə daxil olmuş və icrası şöbəyə həvalə edilmiş sənəd layihələrini, o cümlədən strateji yol xəritələri, dövlət proqramları, tədbirlər planları və s. təhlil edir, müvafiq təkliflər hazırlayır və bu istiqamətdə aparılan müzakirələrdə iştirak edir;
2.2.7. strateji yol xəritələri, dövlət proqramları, tədbirlər planları və s. sənədlərlə icrası Agentliyə tapşırılmış tədbirlər üzrə işlərin təşkili və ümumiləşdirilməsini təmin edir, bu sahədə icra intizamına riayət olunmasına nəzarət edir;
2.2.8. Agentliyin strukturlarının ictimaiyyətlə əlaqələrini, təbliğat-təşviqat və maarifləndirmə işlərini təşkil edir, əlaqələndirir və həyata keçirir, bu sahədə mərkəzləşdirilmiş və vahid yanaşmanı, habelə Agentlik tərəfindən görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;
2.2.9. açıq məkanda reklam yayımı sahəsinə aid qanunvericilikdə, o cümlədən Agentliyin səlahiyyətləri üzrə baş verən yenilik, əlavə və dəyişiklikləri mütəmadi olaraq diqqətdə saxlayır, ictimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların kiv-lər vasitəsilə və digər üsullarla cəmiyyətə çatdırılmasını təmin edir;
2.2.10. Agentliyin fəaliyyətinin kiv-lərdə işıqlandırılması üçün pres-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır, eləcə də rəhbərliyin və digər vəzifəli şəxslərin kiv-lərdə çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil edir, əlaqələndirir və Agentlik tərəfindən keçirilən tədbirlərdə kiv-lərin nümayəndələrinin iştirakını təmin edir;
2.2.11. Agentliyin rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;
2.2.12. Agentliyin fəaliyyəti üzrə ictimai rəy sorğuları və digər sosial araşdırmaların keçirilməsini təmin edir;
2.2.13. Agentliyin fəaliyyəti ilə bağlı kiv-lərdə yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə Agentliyin rəhbərliyinə məlumat verilməsini təmin edir;
2.2.14. əlamətdar gün və hadisələrlə bağlı Agentlik tərəfindən keçirilən tədbirləri təşkil edir;
2.2.15. Agentliyin mətbu orqanların çap və elektron nəşrlərinə abunə yazılması işini təşkil edir;
2.2.16. Agentliyin fəaliyyətinə dair çap, video və foto materialların arxivini təşkil edir;
2.2.17. Agentliyin fəaliyyəti ilə əlaqədar kiv-lərdə yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda aidiyyəti strukturların iştirakı ilə cavab hazırlayır və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görür;
2.2.18. Agentliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak edir və hazırlanmış məlumatları həmin sayt və səhifələrdə yerləşdirir, aidiyyəti strukturların bu sahədəki fəaliyyətini əlaqələndirir;
2.2.19. mövcud təşkilati resurslar daxilində Agentliyin fəaliyyətinə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ həllərin tətbiq olunması imkanlarını araşdırır və bu istiqamətdə yerli və ya xarici şirkətlərlə aparılan danışıqlarda, təlimlərdə iştirak edir;
2.2.20. beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları, həmçinin ölkəmizdəki diplomatik və ticarət nümayəndəlikləri ilə əlaqələrin yaradılmasını təşkil edir, qarşılıqlı maraq doğuran birgə layihələr üzrə aparılan müzakirələrdə iştirak edir;
2.2.21. ölkəmizin reklam sahəsində tərəfdar çıxdığı və ya imzaladığı beynəlxalq müqavilələrin (sazişlər, anlaşma memorandumları və s.) və götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;
2.2.22. Agentliyin rəhbərliyinin təmsil olunduğu hökumətlərarası və digər komissiyaların, işçi qrupların fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görür;
2.2.23. Agentlik və açıq məkanda reklam bazarı subyektləri üçün faydalı ola biləcək beynəlxalq təcrübə üzrə mövcud vəziyyəti mütəmadi olaraq araşdırır, təhlil edir və nəticələri barədə müvafiq təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edir;
2.2.24. Agentliyin təşkilatçılığı və ya iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlərin məqsədəuyğunluğu barədə araşdırmalar və məsləhətləşmələr aparır, nəticələri üzrə müvafiq arayış və təkliflər hazırlayaraq rəhbərliyə təqdim edir;
2.2.25. Agentliyin rəhbərliyinin təmsil olunduğu hökumətlərarası və digər komissiyaların, işçi qrupların fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti üzrə tədbirlər görür;
2.2.26. reklam yayıcılarına göstərilən xidmətlərin, əməkdaşların fərdi və peşəkarlıq göstəricilərinin, ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi istiqamətində işlər görür;
2.2.27. Agentlikdə korporativ sosial məsuliyyətin aşılanması, bazar subyektləri və ictimaiyyətlə qarşılıqlı faydalı əlaqələrin qurulması üzrə Agentliyin aidiyyəti strukturları ilə sıx əməkdaşlıq edir;
2.2.28. Agentliyin rəhbərliyini xarici nümayəndələrlə keçirilən görüşlər, beynəlxalq səviyyəli tədbirlər və işgüzar xarici səfərlər zamanı müşayiət edir, keçirilən görüşlər barədə protokolları tərtib edir, bu sahədə hesabatlar hazırlayır, xarici ölkələrə ezam olunan əməkdaşların səfərləri ilə bağlı zəruri tədbirlər (vizaların alınması, nota və dəstək məktublarının hazırlanması və s.) görür;
2.2.29. Agentliyin əməkdaşlarının xarici ezamiyyələrlə bağlı təqdim etdiyi hesabatlara müvafiq tapşırığa əsasən baxır, onları təhlil edir və bununla əlaqədar müvafiq təkliflər hazırlayır;
2.2.30. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
2.2.31. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
2.3. Şöbənin aşağıdakı hüquqları vardır:
2.3.1. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti qurumları, müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
2.3.2. Agentliyin fəaliyyətinə, eləcə də səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Agentliyin rəsmi mövqeyini ictimaiyyətə açıqlamaq, mətbuat konfransları, brifinqlər və digər tədbirlər təşkil etmək, habelə ictimaiyyətlə görüşlər, seminar və digər tədbirlərin keçirilməsi ilə bağlı təkliflər vermək;
2.3.3. KİV-lər üçün müvafiq materialların hazırlanması istiqamətində fəaliyyət göstərə biləcək yaradıcı və texniki heyətin formalaşdırılmasında aidiyyəti üzrə iştirak etmək, o cümlədən bu işləri görmək üçün texniki şərtlərin tətbiq edilməsinə dair təkliflər hazırlamaq;
2.3.4. dövlət və yerli özünüidarəetmə orqanlarına, xarici dövlətlərin aidiyyəti qurumlarına, müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;
2.3.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarına müvafiq qaydada sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
2.3.6. Agentlikdə və digər dövlət qurumlarında, beynəlxalq təşkilatlarda yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə, həmçinin kiv-lərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;
2.3.7. müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək, onların tətbiqi imkanlarını araşdırmaq, səmərəliliyin artırılması üçün təhlil və ümumiləşdirmələr aparmaqla aidiyyəti təkliflər hazırlamaq;
2.3.8. şöbənin əməkdaşlarının peşəkarlığının artırılması, xarici ölkələrdə təşkil olunmuş tədbirlərdə iştirak etmək istiqamətində təkliflər vermək;
2.3.9. fəaliyyəti üzrə Agentliyin strukturları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin layihələrinə dair təkliflər vermək;
2.3.10. müqavilə əsasında ekspert və mütəxəssisləri şöbənin fəaliyyətinə cəlb etmək;
2.3.11. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
- Şöbənin idarə olunması
3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr tərəfindən təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) sədr tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.
3.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.
3.3. Şöbənin digər əməkdaşları da sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
3.4. Şöbə müdiri:
3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;
3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;
3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
3.4.10. şöbəni təmsil edir.
3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.