ADRA energetik içkilərin reklamı ilə bağlı reklam yayıcılarına müraciət edib

18 may 2026 10:00

Son dövrlərdə Azərbaycan Respublikasında energetik içkilərin istehlakında, xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında artım müşahidə olunur. Bu hal uşaqların sağlamlığının qorunması baxımından xüsusi həssaslıq doğuran məsələlərdən biri kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi açıq məkanda reklam fəaliyyətini həyata keçirən reklam yayıcılarına və aidiyyəti sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, qüvvədə olan qanunvericiliyə əsasən energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı və bu məhsulların reklamında onlardan istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi qadağandır. Energetik içkilərin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.

Reklam fəaliyyəti həyata keçirilərkən yalnız qanunvericiliyin formal tələbləri ilə kifayətlənməmək, eyni zamanda ictimai maraqlar və sosial məsuliyyət prinsiplərini rəhbər tutmaq mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də qarşılıqlı əməkdaşlıq çərçivəsində reklam yayıcılarından aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri xahiş olunur:

-     energetik içkilərin reklamında yetkinlik yaşına çatmayanlara birbaşa və ya dolayı müraciət edilməməsi;

-     reklam materiallarında uşaqlarda maraq yarada biləcək vizual, mətn və digər elementlərdən istifadə olunmaması;

-     energetik içkilərin və yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən digər əmtəələrin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ətrafında (qanunvericiliklə müəyyən edilmiş məsafə nəzərə alınmaqla) yerləşdirilməsinə yol verilməməsi;

-     reklamların yerləşdirilməsi zamanı ictimai maraqların və sosial məsuliyyət prinsiplərinin nəzərə alınması;

-     istehlakçıların məlumatlandırılması məqsədilə reklam materiallarında energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışının qadağan olunduğu və bu məhsulların sağlamlıq üçün yarada biləcəyi təsirlər barədə xəbərdaredici məlumatların verilməsinə dəstək göstərilməsi.