Hər il 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, dövlət müstəqilliyinin qorunması, sabitliyin bərpası və ölkənin inkişaf yoluna çıxmasının başlanğıcı kimi tarixə düşüb.
1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Dövlət idarəçiliyində yaranmış xaos, ölkənin müxtəlif bölgələrində separatçılıq meyllərinin güclənməsi, silahlı qruplaşmaların özbaşınalığı və Ermənistanın hərbi təcavüzü ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu.
Belə mürəkkəb və gərgin şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. İyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarix sonralar Milli Qurtuluş Günü kimi Azərbaycan dövlətçiliyinin xilası və dirçəlişinin rəmzinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət institutları möhkəmləndirildi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu, idarəetmə sistemi yenidən formalaşdırıldı və vətəndaşların dövlətə inamı bərpa edildi.
Heydər Əliyev həmin dövrdə xalq qarşısında çıxış edərək bildirmişdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bu siyasi iradə və qətiyyət qısa müddət ərzində ölkədə sabitliyin bərqərar olmasına, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və iqtisadi inkişafın əsaslarının yaradılmasına imkan verdi.
Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Sonrakı illərdə həyata keçirilən uğurlu dövlət quruculuğu siyasəti nəticəsində ölkədə siyasi sabitlik möhkəmləndi, iqtisadi islahatlar həyata keçirildi, beynəlxalq əlaqələr genişləndirildi və Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri müstəqil dövlətçilik strategiyasının uğurlu nəticələri kimi qiymətləndirilir.
Milli Qurtuluş Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyini, milli həmrəyliyini və müstəqil Azərbaycanın inkişaf yoluna olan inamını ifadə edən əlamətdar tarix kimi hər il böyük ehtiramla qeyd olunur.