Xəbərlər

Onlayn İctimai Nəzarət Platforması Dövlət Reklam Agentliyinə təşəkkür məktubu təqdim edib

9 Dekabr 2021, 11:13

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) 2-ci rübün nəticələrinə dair dəyirmi masa keçirib. Dövlət qurumlarının, ictimai şuraların və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada sentyabr-noyabr aylarında e-nəzarətə daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. İkinci rübün nəticələrinə görə təxminən 70% müraciətlər öz həllini tapıb. Bu müddət ərzində 9 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə də yönləndirilən bütün müraciətləri qısa zaman kəsiyində həll etdiyinə görə təşəkkür məktubu təqdim edilib. Eyni zamanda e-nəzarət fəaliyyətini mətbuatdan işıqlandırdığı üçün üç mətbuat nümayəndəsinə təşəkkürnamələr verilib.

Qeyd edək ki, e-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.

Digər xəbərlər