Tez-tez verilən suallar

Açıq məkanda reklam yerləşdirmək üçün nə etmək lazımdır?

-Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar Dövlət Reklam Agentliyinə müraciət edib icazə almalıdırlar. Bunu ADRA-nın onlayn İcazələr Sistemi olan is.adra.gov.az rəsmi internet səhifəsinə daxil olmaqla ASAN Loğin ilə həyata keçirmək mümkündür.

 

Kronşteyn panel nədir?

-Kronşteyn panel binaların üzərinə, işıq və ya ayrı dirəklərə yerləşdirilən birtərəfli və ya ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Ayrıca dayaq üzərində, bir yolayrıcından digərinədək küçənin eyni tərəfində yerləşdirilmiş bu reklam qurğuları yerdən eyni məsafədə quraşdırılmalı və pyada hərəkəti zonasına nisbətdə eyni tərəfə çevrilmiş olmalıdır. Tələblər barədə ətraflı məlumatı http://www.e-qanun.az internet səhifəsindən əldə etmək mümkündür.

 

Afişa nədir?

-Afişa stendi bir və ya iki reklam səthinə malik olan, ayrıca dayaqlı kiçikölçülü reklam qurğusudur. Adətən teatr, kinoteatr, idman və digər kütləvi tədbirlərin repertuarı barədə məlumatın təqdim olunduğu bu qurğularda əlavə olaraq yalnız tədbirlərin sponsorları barədə məlumatlar yerləşdirilə bilər.

 

Tent nədir?

-Tent üzərində reklam yerləşdirilən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin, həmçinin vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə quraşdırılan günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər ümumi görünüşə xələl gətirmədən və binanın görünüşünü korlamadan müxtəlif formaya malik ola bilər. Tentin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.

 

Reklam çətiri nədir?

-Reklam çətiri açıq havada olan ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində yerləşdirilən və üzərində reklam əks olunan çətir şəklində reklam qurğusudur. Çətirin reklam yerləşdirilən səthinin sahəsi reklamın tutduğu sahə ilə müəyyənləşdirilir.

 

Dayanacaq lövhələri nədir?

-Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu ictimai nəqliyyatı gözləmə meydançasının konstruktiv elementlərinə montaj edilən kiçikölçülü reklam qurğusudur. Dayanacaq meydançasının üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri eni 1 metr 30 sm-dək, uzunluğu 2 metr 10 sm-dəkdir. Dayaq dirəyinin hündürlüyü isə 60 sm-dək təşkil edir. Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır.

 

Reklamlardakı işıqlandırma necə olmalıdır?

Reklam qurğusunun işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, yanğından mühafizə sistemi ilə təchiz olunmuş, sənaye istehsalı olan işıq qurğularından istifadə edilməlidir. İşıqlandırma qurğusu reklam qurğusunun konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir. Reklam qurğusunun işıqlandırılması üçün istifadə edilən işıq qurğuları işıq şüalarının yolun hərəkət istiqamətinə düşməyəcəyi şəkildə quraşdırılmalıdır.

 

Açıq məkanda yerləşdirilən reklam qurğusu (lövhəsi, daşıyıcısı) təhlükə yaradarsa və ya reklam məzmunu şübhə doğurarsa, bu halda hara müraciət etmək olar?
ADRA açıq məkanda reklam mühitini tənzimləyən və nəzarət edən qurum olduğundan bu hallar aşkar olunduqda vətəndaşlar ADRA Çağrı Mərkəzi ilə 1412 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər və ya cm@adra.gov.az ünvanına yaza bilərlər.

 

 

Açıq məkanda qanunsuz reklam aşkarlanlandıqda cərimə tətbiq olunurmu? 

İcazə sənədləri olmadan reklam yerləşdirilməsi və yayımlanması İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsində göstərilən məsuliyyətə səbəb olur (fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1500-2500 manat, hüquqi şəxslər 5000-10000 manat məbləğində cərimə edilir) http://www.e-qanun.az/code/24

 

 

Açıq məkanda reklam dedikdə nə nəzərdə tutulur?

Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

 

Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddəti nə qədərdir?

Dövlət Reklam Agentliyi açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına maksimal 3 illik icazə verə bilir.

 

Açıq məkanda icazə alınması tələb olunmayan reklamlar hansılardır?

Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü  1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri, reklam daşıyıcıları yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.

 

Obyektlərin vitrinlərinə yerləşdirilən mallar reklam hesab olunurmu?

Əmtəənin özü yox, onun barəsində yayımlanan məlumat reklam hesab olunur.

 

Açıq məkanda reklam yayımına görə nə qədər vəsait ödənməlidir?

Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilib. Reklam yayımı haqqı reklam daşıyıcısının növünə, reklamın ölçüsünə və yerləşdiyi əraziyə görə dəyişir. Reklamın yerləşdiyi yerinə görə yayım haqqları ilə agentliyin rəsmi www.adra.gov.az internet səhifəsinin tariflər bölümündə tanış olmaq mümkündür.

 

Sahibkarlar Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini necə həyata keçirə bilərlər?

Bu ödənişləri banklar, həmçinin “ASAN ödəniş” sistemi, digər ödəniş portalları, “e-Manat” və “MilliÖN” terminalları vasitəsilə də etmək mümkündür.

 

Açıq məkanda reklamı olan və ya reklam yerləşdirmək istəyən sahibkarlar sualları və ya təklifləri yarandığı təqdirdə hara müraciət etməlidirlər?

Açıq məkanda reklamlarla bağlı sualı və ya təklifi olan istənilən şəxs gün ərzində Agentliyin 1412 Çağrı Mərkəzinə zəng vura, (077) 677 1412 whatsapp nömrəsinə yaza, həmçinin cm@adra.gov.az mail ünvanına və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin facebook, instagram, twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə onları maraqlandıran məsələlərlə bağlı müraciət edə bilərlər.

 

Əgər reklam bələdiyyə mülkiyyətinin üzərindədirsə o zaman icazə haradan alınmalıdır?

Əgər reklam bələdiyyə mülkiyyətinin üzərindədirsə o zaman icazə Dövlət Reklam Agentliyindən alınmalıdır. Sahibkar ADRA-ya müraciət etdikdən sonra müvafiq sənədləşmə prosesi icra olunur. Daha sonra Agentliklə bələdiyyə arasında müqavilə bağlanır. Reklam yerləşdirilməsinə icazə üçün ödənilən rüsumun 10 %-i məbləğində əlavə haqq bələdiyyənin hesabına köçürülür.

 

Açıq məkanda alkaqol və tütün məmulatlarının reklamına icazə varmı?

Açıq məkanda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin, həmçinin bütün növ tütün məmulatlarının reklamının yayımlanması qadağandır.

 

Açıq məkanda yayımlanan reklamlarda əcnəbi dildə yazıların yayımlanmasına icazə varmı?

Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.

 

Qanunvericiliyin tələblərinə cavab verməyən reklamlarla mübarizə necə həyata keçirilir?

Belə reklam lövhələrinə rast gəlindikdə onların yayımının dayandırılması barədə sahibkarlara xəbərdarlıq edilir. Reklam yayıcıları buna əməl etmədikdə müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, həmin reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən cərimə tətbiq olunur.

 

Bilbord nədir?

Bilbord daxili və ya xarici işıqlandırmaya malik orta, yaxud böyükölçülü reklam qurğusudur. Reklam lövhəsi bünövrə, karkas, dayaq və reklam yerləşdirilən səthdən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Birtərəfli variantda hazırlanmış reklam lövhələrinin arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.

 

Meqabord nədir?

Meqabord daxili və xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Meqabord bünövrə, karkas, dayaq və reklam səthindən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Meqabord bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 4,00–6,00 x 8,00-15,00 metrədək, dayaq dirəyinin hündürlüyü 8,00-18,00 metrədək təşkil edir. Birtərəfli variantda hazırlanmış meqabordun arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.

 

Binaların damlarındakı reklamlar necə olmalıdır?

Binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarətdir. Bunlar yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Bu reklam qurğularının ölçüləri binanın hündürlüyü və fasadın uzunluğuna görə müəyyənləşir. Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən xüsusi tələblər barədə ətraflı məlumatı http://www.e-qanun.az internet səhifəsindən əldə etmək mümkündür.

 

Fasad reklamları nədir?

Fasad reklamları ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin giriş hissələrindəki fasadlarında, birinci və ikinci mərtəbələrin pəncərələri arasında yerləşdirilən reklam qurğularıdır. Qurğunun aşağı küncünün yerdən hündürlüyü ən azı 2,00 metr təşkil edir. Qurğu binaya bərkidildiyi yerdən 0,20 metrdən artıq çıxıntı əmələ gətirməməli və sahəsi yerləşdiyi bina və ya tikilinin fasadının 1/10 hissəsindən artıq olmamalıdır.

 

Brandmauer nədir?

Divar panosu (brandmauer) binaların pəncərələr olmayan divarına, yaxud səthinə yerləşdirilən, birtərəfli, xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Divar panosunun ölçüləri binanın memarlıq quruluşundan və pəncərələr olmayan divarının ölçüsündən asılı olaraq fərdi qaydada müəyyənləşdirilir. Divar panosunun reklam səthinin minimum ölçüsü 9 kv.m təşkil edir. Əlverişli ölçü standartları bu reklamları həm yaradıcı, həm də miqyas baxımından daha sərhədsiz edir, onlar üçün çox geniş imkanlar yaradır. Tələblər barədə ətraflı məlumatı  http://www.e-qanun.az internet səhifəsindən əldə etmək olar.

 

Transparant nədir?

Bir qayda olaraq, yumşaq materiallardan -parça, tor, süni dəridən hazırlanan transparant iki ayrı dirək, yaxud bina arasında bərkitmə qurğuları ilə yerləşdirilmiş reklam qurğusudur. Transparantın yer səviyyəsindən hündürlüyü ən azı 6 metr olmalıdır. Transparantın şəhərin işıqlandırılması dirəklərinə birləşdirilməsinə yol verilmir. Asma transparantlar şəhər elektrik nəqliyyat vasitələrinin və küçələrin işıqlandırılması sisteminin fəaliyyətinə mane olmamalıdır. Tələblər barədə daha ətraflı məlumatı http://www.e-qanun.az internet səhifəsindən əldə etmək mümkündür.

 


Reklam bayrağı nədir?

Reklam bayrağı altlıq, dirək və parçadan ibarət ikitərəfli stasionar qurğudur. Bayraq öz dirəyi, yaxud binaların üzərində yerləşdirilə bilər. Adətən, üzərində müəssisənin və ya təşkilatın loqotipi, yaxud digər reklam xarakterli məlumatlar yerləşdirilir. Reklam bayrağının ölçüləri hər bir hal üçün fərdi qaydada müəyyənləşdirilir.

 

Reklam tumbası nədir?

Reklam tumbası dairəvi və ya üç xarici reklam səthinə və daxili işıqlandırmaya malik reklam qurğusudur. Reklam tumbasının ölçüləri fərdi qaydada müəyyənləşdirilir.

 

Ödəniş terminalı üzərindəki reklamlar açıq məkanda reklam hesab olunurmu?

Ödəniş terminalları üzərində yayımlanan statik və rəqəmsal reklamlar da açıq məkanda yerləşdirilən reklamlar hesab olunur.

 

Nəqliyyat vasitələrinin üzərinə yerləşdirilən reklamlara ADRA nəzarət edirmi?

Nəqliyyat vasitələrinin üzərinə reklam yerləşdirmək üçün icazə vermək ADRA-nın səlahiyyətinə aid deyildir.

 

Onlayn platformalarda yayımlanan reklamlara ADRA nəzarət edirmi?

Onlayn platformalar, sosial şəbəkələr, habelə saytlarda yayımlanan reklamlara nəzarət etmək ADRA-nın səlahiyyətləri xaricindədir.

 

Tarixi binaların üzərində 1 obyekt neçə reklam yerləşdirə bilər?

Memarlıq abidələrində eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsinə icazə verilmir.

 

Memarlıq abidələrinin üzərinə hansı növ reklam qurğusunun yerləşdirilməsinə icazə verilmir?

Memarlıq abidələrinin (binalarının) üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsinə icazə verilmir.

 

Avtomobil yollarının torpaq sahəsində hansı reklam qurğularının yerləşdirilməsinə icazə yoxdur?

Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsinə yol verilmir.

 

Reklam qurğusundan hansı məqsədlər üçün istifadə oluna bilər? 

Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər.

 

Afişa stendində hansı reklamlar yerləşdirilə bilər?

Afişa stendindən teatr, kinoteatr, idman və digər kütləvi tədbirlərin repertuarı barədə məlumatın yerləşdirilməsi məqsədi ilə istifadə olunur. Afişa stendlərində yayımlanan reklam materiallarında yalnız keçirilən tədbirlər və onların sponsorları barədə məlumatlar yerləşdirilə bilər.

 

Binaların tinlərində reklam yerləşdirilməsinə icazə verilirmi?

Reklam qurğusunun binanın fasadının tinlərində yerləşdirilməsinə icazə verilmir.

 

Bakı şəhərinin ərazisində olan binalarda reklam yerləşdirərkən nələrə fikir verilməlidir?

-Reklam qurğusunun binanın fasadının memarlıq detallarında yerləşdirilməsinə icazə verilmir. Eləcə də reklam qurğusu memorial lövhələrə, həmçinin memarlıq abidələrinin məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilə bilməz.

 

Binaların üzərinə boyanma, yapışdırma yolu ilə reklam yerləşdiriməsinə icazə verilirmi?

Reklamın binanın fasadında dekorativ-bədii və ya mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə boyama, yapışdırma və digər metodlarla yerləşdirilməsi qadağandır.

 

Eyvanlarda reklam yerləşdirmək olarmı?

Reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə icazə verilmir.

 

Fasad reklamları yerləşdirilərkən nələrə riayət olunmalıdır?

Fasad reklamları hərflər, rəqəmlər, bədii-dekorativ elementlər şəklində olmaqla ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin birinci və ikinci mərtəbələrinin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda, giriş hissələrinin və ya pəncərələrinin yuxarısında, həmçinin obyektlərin pəncərələri arasındakı aralıq divarlarda yerləşdirilir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində olmalıdır.

 

Vitrinlərə reklam yerləşdirilərkən nələrə diqqət edilməlidir?

Vitrin şüşəsində reklam səthinin sahəsi vitrinin ümumi sahəsinin 50 faizindən çox olmamalıdır. Vitrin üzərində reklam qurğusu bərkidici və ya altlıq elementlərindən istifadə etməklə yerləşdirilə bilər.

 

Kronşteyn panel qurğuları yerləşdirilərkən nələrə riayət olunmalıdır?

Kronşteyn panel qurğusu birinci və ikinci mərtəbələrin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda yerləşdirilməli, eləcə də yer səviyyəsindən kronşteyn panel qurğusunun aşağı kənarınadək məsafə ən azı 2,20 metr olmalıdır. Kronşteyn panel qurğuları arasındakı məsafə 3 metrdən az ola bilməz. Binada eyni obyektə aid yalnız 1 kronşteyn panel qurğusu yerləşdirilə bilər. Binanın üzərində eyni zamanda bir neçə kronşteyn panel qurğusu quraşdırıldıqda, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində olmalıdır. Kronşteyn panel qurğusunun bərkidici elementləri binanın fasadının müstəvisindən 0,20 metrdən çox məsafədə, onun üz tərəfinin kənar nöqtəsi isə fasadın müstəvisindən 1 metrdən çox məsafədə yerləşməməlidir. Kronşteyn panel qurğusunun hündürlüyü 1 metrdən, eni isə 0,20 metrdən çox olmamalıdır. Tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda yerləşdirilən kronşteyn panel qurğusu isə hündürlüyünə və uzunluğuna görə 0,50 metrdən çox olmamalıdır.

 

Məhəccərlərdə reklam yerləşdirmək olarmı?

Zirzəmi mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında reklam yerləşdirmək mümkün olmadıqda və ya yerləşdirilmiş reklamlar qarşıdan baxılarkən görünmədikdə məhəccərdə reklam yerləşdirmək mümkündür. Məhəccər metal konstruksiya şəklində və ya memarlıq elementlərindən ibarət olduqda onun tutacaq hissəsi istisna olmaqla, səthində reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Məhəccərin tutacaq hissəsində quraşdırılan reklam qurğusunun reklam yerləşdirilən səthi 0,50 x 0,50 metrədək, yer səviyyəsindən yuxarı kənarınadək məsafə maksimum 1,50 metrədək təşkil edir, digər hallarda isə reklam məhəccərin ümumi ölçüsünün 50 faizindən çox olmayaraq tam mərkəzdə yerləşdirilir.