Xəbərlər

ADRA əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlim keçirilib

13 Dekabr 2021, 14:20

 

Təlim “Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi üzrə icrasına dair 2021-ci il üçün iş planı çərçivəsində baş tutub. “MG Consulting” MMC-nin təşkil etdiyi təlimləri Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov aparıblar. Iki hissədə təşkil olunan təlimlərdə Agentlik üzrə ümumilikdə 90 əməkdaş iştirak edib. Təlimin ADRA üzrə daha geniş kütləyə çatdırılması məqsədilə birbaşa iştirak etməyən əməkdaşların da təlim materiallarından faydalanması üçün bütün təlim prosesləri video formatda qeyd olunaraq digər işçilərə çatdırılıb. Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı keçirilən onlayn təlimdə Agentlik əməkdaşlarının vətəndaşlarla ünsiyyət zamanı münasibətlərin düzgün tənzimlənməsi, etik davranış qaydalarına əməl olunması, vicdanlı və mədəni davranış, həmçinin təmsil etdiyi orqanın statusundan, vəzifə salahiyyətlərindən sui istifadə etməklə hansı addımların qanunsuz olduğu müzakirə edilib, şəffaflığın təminatında effektiv nəticənin əldə olunması, doğru ünsiyyətqurma bacarığı yolları göstərilib. Təlimlərin keçirilməsində məqsəd dövlət orqanlarına etimadın daha da möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, şəffaflığın və səmərəliliyin təmin edilməsidir. Təlimlərin gələcəkdə də mütəmadi olaraq təşkil edilməsi planlaşdırılır. Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi üzrə 3 nəfər əməkdaş (Gəncə Regional Reklam İdarəsi üzrə 2 nəfər, Şəki Regional Reklam İdarəsi üzrə 1 nəfər) etik davranış qaydalarını pozduğuna görə intizam məsuliyyətinə cəlb olunub.

Digər xəbərlər