Xəbərlər

ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov: “Müxtəlif reklam operatorlarına məxsus qurğuların vahid interaktiv platformada cəmlənməsi üçün ADRA malik olduğu məlumat bazasının istifadəsinə icazə verməyə hazırdır”

10 Mart 2022, 16:20

 

 

Əziz oxucular!

 

Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) reklam ekosisteminin inkişafı, vətəndaş məmnuniyyəti, şəffaflıq və məsuliyyət prinsiplərini əsas tutaraq fəaliyyətində innovativ həllərin tətbiqini davam etdirir. Reklam daşıyıcılarının qeydiyyatında vaxt sərfini azaltmaq üçün yaradılan onlayn İcazələr Sistemi, vahid məlumatlar bazası, dövlət rüsumu və yayım haqqının avtomatik hesablanması, 360 dərəcə panoramik virtual xəritəçilik sistemi, daxili elektron sənəd dövriyyəsi, tapşırıqların idarə olunması, əməkdaşların elektron şəkildə qiymətləndirilməsi sistemləri bu sahədə görülən işlərin bir qismidir.

Texnoloji inqilab dövründə rəqəmsallaşan dünyanın nəbzini tutmaq üçün reklam sahəsində innovativ imkanların tətbiqi qaçılmazdır. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən açıq məkan reklam operatorlarını da təşəbbüskar olmağa, ənənəvi üsullardan innovativ reklam yayıcılığı sisteminə keçidə çağırırıq. Azad rəqabət mühitində yeni həllər, yeni məhsullar tətbiq etməklə, klassik bilbordlardan rəqəmsal ekranlara keçidlə, baxış sayını müəyyənləşdirən hədəf kütləsinə yönəlik ölçü alətlərinin istifadəsi ilə iş adamları fəaliyyətlərində yeni və daha effektiv mərhələyə qədəm qoymuş olarlar.

ADRA reklamvericilərin təkliflərini nəzərə alaraq, ölkə ərazisindəki müxtəlif reklam operatorlarına məxsus qurğuların vahid interaktiv platformada cəmlənməsi üçün Agentliyin malik olduğu məlumat bazasının istifadəsinə icazə verməyə hazırdır. Həmin platforma xəritə üzərindən açıq məkandakı reklam daşıyıcılarının yerləşdiyi ərazi, ölçüsü və növü, onların məxsus olduğu reklam operatorları, həmçinin boş qurğular barədə ümumi məlumatlara əlçatanlığı təmin edə bilər. Bu innovativ məhsulun maraq dairəsi kəsişməyən şirkətlər tərəfindən hazırlanaraq təklif edilməsi mühüm əhəmiyyət kəsb edir. ADRA fəaliyyət isiqamətləri çərçivəsində tələb və təklifdən irəli gələn məsələlərin həllində sahibkarlara dəstək verməyə hazırdır.  

Agentlik reklam üzrə hüquqi və texniki tələblərin inkişaf edən şəhər mühitinə uyğunlaşdırılması istiqamətində təşəbbüskar fəaliyyətlə yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində də iş aparır. Hazırda xalqımızın mili-mədəni irsinin qorunması məqsədilə tarixi binalardakı fasad reklamlarının standartları müəyyənləşdirilir. Memarlıq inciləri sayılan bu abidələrin gözəlliyinin və təhlükəsizliyinin qorunması layihəsinə aidiyyatı üzrə mütəxəssislər cəlb olunub. İlkin mərhələdə beynəlxalq təcrübə öyrənilərək tarixi binalara vurulacaq fasad reklamlarının standartını özündə ehtiva edən eskizlər hazırlanıb. Pilot layihə olaraq bu standartlar əvvəlcə şəhərin mərkəzi küçələrindəki bəzi arxitektur binalara tətbiq olunacaq. Növbəti mərhələdə isə bununla bağlı xüsusi qaydaları özündə əks etdirən layihə baxılması üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Bu proses yekunlaşdıqdan sonra yeni standartlara uyğun reklamların hazırlanması zamanı dövlət dilindən düzgün istifadə məsələlərinə xüsusi diqqət yetiriləcək. Hazırda parelel olaraq açıq məkandakı reklamlarda Azərbaycan dilinin qorunması üçün də birgə komissiya yaradılıb. Ümidvaram ki, bu istiqamətdə görüləcək işlər ölkəmizin daha da çicəklənməsinə öz töhfəsini verəcək, ADRA-nın fəaliyyətini yeni dövrün çağırışları kontekstində keyfiyyətcə yeni mərhələyə daşıyacaqdır.

 

Aydın İbadov

Azərbaycan Respublikası

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri

 

 

Digər xəbərlər