Xəbərlər

ADRA rəsmiləri “TEKNOFEST Azərbaycan” festivalının açılış mərasiminə qatılıb

26 May 2022, 16:00

Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan və Azərbaycanda ilk dəfə reallaşan “TEXNOFEST”-in möhtəşəm açılış mərasimi mayın 26-da baş tutub. Açılış mərasiminə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov, İdarə Heyəti sədrinin müavinləri Fəxri Abdullayev və Orxan Əliyev də qatılıblar. Ziyarətçilər festival ərazisində müxtəlif dövlət qurumlarının stendləri, gənclərin hazırladıqları prototiplər və STEM layihələri, həmçinin açıq səma altındakı statik ərazidə pilotsuz uçuş aparatları və vertolyotlar olan bölümlərlə tanış olublar. ADRA-nın İdarə Heyətinin üzvləri Dövlət Reklam Agentliyinin sifarişi ilə ərsəyə gəlmiş “Rollerlərin mərkəzləşdirilmış monitorinq və idarəetmə sistemi” və “Reklam sahəsinin uzaqdan hesablama cihazı”-nı istehsal edən “Sumaks” şirkətinin stendində nümayiş olunan texniki avadanlıqlarla yaxından maraqlanıblar. Festivalın açılış mərasimində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları xüsusi maraqla qarşılanıb. Qeyd edək ki, Dövlət Reklam Agentliyi açıq məkanda “TEXNOFEST” Aerokosmik və Texnologiya Festivalı barədə maarifləndirmə və informativ xarakterli paylaşımların həyata keçirilməsində yaxından iştirak edib. Festival 29 may tarixinədək davam edəcək.

 

Digər xəbərlər