ADRA və AFRA nümayəndələrinin görüşü keçirilib
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) nüməyəndə heyətlərinin görüşü keçirilib. ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzinin başçılıq etdiyi nümayəndə heyətlərinin görüşündə açıq məkandakı reklamlar müzakirə olunub. Assosiasiyanın nümayəndə heyətinin üzvlərinə yarandığı 5 il ərzində sahibkarların açıq məkan reklamları ilə bağlı işinin asanlaşdırılması istiqamətində ADRA-nın gördüyü işlər barədə məlumat verilib. Qeyd olunub ki, açıq məkanda reklam yerləşdirmək üçün qanunvericiliyə edilən dəyişikliklər nəticəsində icazə sənədlərinin sayı azaldılıb, bu sahədə innovativ yeniliklərin tətbiqi, xüsusilə İcazələr Sisteminin yaradılması ilə iş adamlarının vaxt itkisinin qarşısı alınıb. Müzakirələrin nəticəsi olaraq, maarifləndirmə məqsədilə 230-dan çox geyim mağazasını özündə birləşdirən Assosiasiya üzvlərinə açıq məkandakı reklamlarla bağlı təlimlərin keçirilməsi qərara alınıb. Sonda ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) tərəfindən mükafatla təltif olunub.