Xəbərlər

ADRA əməkdaşları İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlimdə fəal iştirak ediblər

1 Avqust 2022, 10:50

 

İctimai Şuraların Onlayn Platformaya inteqrasiya edilməsi ilə bağlı “İctimaishura.az saytının idarə olunmasında birgə iştirak” adlı təlimlər keçirilib.

Təlimin açılışında çıxış edən İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Azərbaycanın ictimai şuralar ilə bağlı ilk və yeganə vahid onlayn platforması olan İctimaishura.az ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” layihəsi çərçivəsində yaradılıb. Platforma ictimai şuralar ilə bağlı informasiya mühitinin formalaşmasında əsas rola malikdir. Ötən dövr ərzində 500-dən çox xəbər hazırlanaraq sayta yerləşdirilib. Eyni zamanda 38 ictimai şura platformaya inteqrasiya edilib. Həmin ictimai şuraların fəaliyyəti, üzvləri haqqında və digər məlumatlar bazaya daxil edilib.

Platformadan istifadə qaydaları haqqında təqdimatla çıxış edən Cəsarət Hüseynzadə qeyd edib ki, platformanın idarə olunmasında dövlət qurumları və ictimai şuraların iştirakını arzu edirik. Bu iştirakın həyata keçirilməsi üçün platformada texniki imkanlar yaradılıb. Təqdimatda platformanın üzvlər tərəfindən idarə olunması ilə bağlı texniki imkanlar nümayiş olunub.

Təlim müzakirələr ilə davam edib. Ümumilikdə 3 qrupda keçən təlimdə 9 mərkəzi icra hakimiyyəti orqanının nümayəndəsi, 23 ictimai şura üzvü olmaqla ümumilikdə 36 nümayəndə iştirak edib.

Təlimin sonunda iştirakçılara təmsil etdiyi qurumun Platformaya girişi üçün kod, parol və fəal iştiraka görə təşəkkürnamələr təqdim edilib.

Digər xəbərlər