Xəbərlər

ADRA-nın tərəfdaşlığı ilə “Bakı Dizayn Festivalı” keçiriləcək

20 Sentyabr 2022, 10:27

 

Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunan “Bakı Dizayn Festivalı” keçiriləcək. 24 sentyabrda keçiriləcək festival Graphic Design Azerbaijan qrupu və Rəsul Həsənin təşkilatçılığı ilə EGP Arenada baş tutacaq.

Ölkəmizdə ilk dəfə baş tutacaq Dizayn Festivalının əsas məqsədi yaradıcı şəxslər arasında fikir mübadiləsini təmin etmək, dizayn sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ etmək və gənc sənətkarlara özlərini göstərmək imkanı yaratmaqdır. Bakı Dizayn Festivalı Azərbaycanda dizaynın inkişafı istiqamətinə güclü təkan vermək niyyətindədir. Bu ilki festivalda xalq rəssamı Arif Hüseynov, kreativ direktor Orxan Kərimov, memar Aytac Əkbərli, kreativ direktor ABD Malik, fotoqraf Raj Steven, kreativ direktor Ersel Serdarlı çıxış edərək öz böyük təcrübələrini auditoriya ilə bölüşəcəklər.

Festival çərçivəsində müxtəlif yaradıcılıq stendləri, art instalyasiyalar sərgilənəcək. Yaradıcılıq zonasının əsas bu ilki mövzusu qlobal istiləşmə və su problemlərinə yönəlib. Bununla bağlı rəssamlar damcı şəkilli maket üzərində rəsm çəkəcəklər. Bundan başqa qraffiti rəssamları onlar üçün ayrılmış xüsusi zonada öz yaradıcılıqlarını göstərəcəklər. Art zonada rəngkarlar Ramilə Şamilova, Anar Şəmsi, Roza Muradova, Zöhrab Salam-Zadə, Aynur Mustafayeva, Orxan Qarayev, Nigar Niyazova, Ruhulla Həsənzadə, Nigar Familsoy, Erkin Ələkbərli, Vüsalə Ağarazıyeva, qraffiti rəssamları Azy, Fizzo Chi, Tovarich, Wave iştirak edirlər. Həbibə Hüseynova, Məmməd Rəşidov, Ramina Bocharova, Murad Vəliyev və digər sənətkarların art instalyasiyaları sərgilənəcək.

Festival zamanı 44 günlük Vətən Müharibəsində iştirak edən dizaynerlərə hədiyyələr təqdim olunacaq.

Digər xəbərlər