ADRA-nın İdarə Heyətinin sədri MINEPS VII Təşkilat Komitəsinin ilk iclasında iştirak edib
Bu il iyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS Vll) keçiriləcək. Mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Vll Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Bu gün tədbirə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov da iştirak edib. Təşkilat Komitəsinin sədri gənclər və idman naziri Fərid Qayıbov iclası açaraq üzvləri salamlayıb və əvvəlcə tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində iştirak edəcəyi MINSEPS Vll YUNESKO-nun idman sahəsi ilə bağlı beynəlxalq konfransıdır.
Ötən ay Parisdə, YUNESKO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu bildirən Fərid Qayıbov qeyd edib ki, hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsi nəzdində işçi qrup fəaliyyət göstərir və tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koordinasiya olunur.
İclasda MINEPS Vll hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyətı qurumların təmsilçiləri ilə müzakirələr aparılıb.