Xəbərlər

ADRA əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq forumda iştirak ediblər

24 May 2023, 10:17

 

Daşkənddə keçirilən “Caspian Energy Investment Forum Tashkent 2023” forumunda Özbəkistanın 200-dən çox dövlət qurumunun, ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların rəhbər və nümayəndələri, həmçinin Xəzər, Qara dəniz və Baltikyanı region ölkələrindən dövlət və özəl şirkətlərin top-menecerləri, o cümlədən şirkətlərin nümayəndələri iştirak ediblər. Forumun məqsədi ikitərəfli iqtisadi əlaqələrin inkişafı, peşəkar problemlərin həlli üçün beynəlxalq səviyyədə “B2B networking”in yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılması olub. Forumda ADRA-nı Gəncə Regional Reklam İdarəsinin rəisi Saleh Rüstəmov və Agentliyin Aparatının İnsan resursları,hüquq və kargüzarlığın təşkili şöbəsinin Kargüzarlığın təşkili sektorunun İdarə Heyəti sədrinin müavininin köməkçisi Fidan Sadıxova təmsil ediblər. Reklam sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq məsələləri Agentlik əməkdaşlarının reklam sahəsində fəaliyyət göstərən “Vitam” şirkətinin təmsilçiləri ilə görüşündə müzakirə edilib. Açıq məkan reklamları ilə bağlı beynəlxalq əməkdaşlığın inkişafı üçün belə görüşlərin əhəmiyyətli olduğu vurğulanıb.

Qeyd edək ki, Forum "Caspian Energy Club" tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində reallaşıb."Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Digər xəbərlər