Xəbərlər

Vətən sevgisi ilə möhürlənmiş ömür

12 İyul 2023, 11:07

Zamana qalib gəlib onun fövqündə duran insanlar seçilmişlər kimi dövrün və həyatın bütün sınaqlarından mərdliklə çıxaraq tarix boyu əbədiyyət qazanmış kəslər hesab olunur. Heydər Əliyevin sahib olduğu şəxsi keyfiyyətləri, yüksək mənəvi məziyyətləri onun hər şeydən əvvəl millət üçün yaşanmış dolğun və mənalı həyat yolunu, Azərbaycan üçün döyünən ürəyini gözlər önünə sərir.  Onun irsini araşdırıb öyrəndikcə Vətənə olan sonsuz sevgi ilə möhürlənmiş müdrik insan ömrünün şahidinə çevrilir, həyat yolunun təməl daşında böyük Azərbaycan sevdasını görürük.  

Ümumilli liderin hələ 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dövrdə  verdiyi qərarlar, həyata keçirdiyi layihələr, gördüyü işlər, Azərbaycanın gələcəyinə köklənmiş mühüm addımların əsl mahiyyəti zaman keçdikcə daha müfəssəl olaraq anlaşılır. Ulu Öndərin həmişə öz sözü və çəkisi ilə seçilməsi ona çoxsaylı mürəkkəb vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə imkan yaradırdı. Məhz həmin dövrdə uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi, ölkəmizin mənafeyinin qorunmasına yönəlmiş bir sıra qərarları onun fəal diplomatiyası nəticəsində mümkün olmuşdur. Xalqına sıx bağlılığı, milli təəssübkeşliyi, dövlətçilik təfəkkürünün təbliğinə xüsusi əhəmiyyət verməsi Dahi Liderin Azərbaycanın sabahını düşünərək bütün sahələrdə planlı addımlar atmasına səbəb olmuşdur. Ziyalı təbəqə, incəsənət və ədəbiyyat nümayəndələrinə olan diqqət və qayğı əslində azərbaycançılıq fəlsəfəsinin əsas mahiyyəti idi. Onun bu sahənin təbliğində həyata keçirdiyi saysız hesabsız işlər çoxşaxəli fəaliyyətinin bir hissəsi idi. Mütəmadi olaraq ziyalılarla görüşləri, dahi Azərbaycan şairi M.Füzulinin 500 illik yübiley tədbiri, böyük dirijor-bəstəkar Niyazinin ev-muzeyinin açılışı, böyük rəssamımız S.Bəhlulzadənin anadan olmasının 85 iliyinə həsr olunmuş sərgi, böyük Azərbaycan yazıçısı C.Məmmədquluzadənin 125 illiyinə həsr edilmiş yübiley mərasimi, xalq şairi Məmməd Arazın yaradıcılıq gecəsi, böyük dramaturqumuz H.Cavidin məqbərəsi və ev-muzeyinin yaradılması, dahi bəstəkarımız Ü.Hacıbəyovun anadan olmasının 110 illiyi, görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi, akademik Y.Məmmədəliyevin 90 illiyinə həsr olunmuş tədbir, görkəmli Azərbaycan bəstəkarı M.Maqomayevin yubiley mərasimi, xalq şairi S.Vurğunun ev muzeyində və 90 illik yubileyi ilə əlaqədar tədbir, görkəmli şairlər S.Rüstəmin, Məhəmmədhüseyn Şəhriyarın 90 illik yubiley tədbirləri, Mirvarid Dilbazinin 85 illiyi, C.Cabbarlının 100 illiyi, R.Behbudovun xatirə gecəsi, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi, “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyi, mədəniyyət və ədəbiyyat sahəsində çoxsaylı qurultaylar, simpoziumlar, tamaşa premyeraları, beynəlxalq musiqi müsabiqələrinin ölkə səviyyəsində qeyd edilməsi, bu tədbirlərdə şəxsən özünün iştirakı və nitqi dahi şəxsiyyətin mənsub olduğu xalqın dəyərlərinə verdiyi diqqət və sevginin göstəricisi idi.

Bu gün sahib olduğumuz milli ideologiyanın müəllifi məhz Dahi Liderimiz H.Əliyevdir. Milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişafı, tarixi yaddaşımızın özümüzə qaytarılması, azərbaycançılıq fəlsəfəsi kimi misilsiz fəaliyyətin də altında onun imzası var. O, milli məfkurənin zənginləşməsinə güclü təsir göstərmiş, gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin yaratmışdır. “Azərbaycanın musiqi beşiyi”, “Şərqin konservatoriyası”, “Qafqazın sənət məbədi” olan Şuşa çoxsaylı bəstəkar, elm və mədəniyyət xadimi, sənətkar, rəssam və memar nəslinin vətəni sayılır. Böyük mədəniyyət ənənələri üzərində qurulan Şuşanın əsl tarixini yaxşı bilən Ulu Öndər: - “Şuşada, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”-demişdir.  Hələ Sovet dövründə ölkəmizə rəhbərlik etdiyi dönəmdə (1969-1982) “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən vətənpərvər rəhbər Qarabağa xüsusi diqqət və qayğı göstərmişdir. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin tarixini mükəmməl bilən Ulu öndər 70-ci illərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi əhəmiyyət vermiş, şəhərin tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa olunmuş, həmçinin Şuşanın statusunun qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilməsinə nail olmuşdur. Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi lider bu qərarlarla tarixi əhəmiyyətli addımlar atmışdır. Dərin təfəkkür və biliyi sayəsində ölkənin ictimai, iqtisadi və siyasi həyatının bütün istiqamətlərində atılan addımlar məharət və uğurla həyata keçirilmişdir.  Xalq H.Əliyevin bu səmimi sevgisini həmişə hiss etmiş və qarşılığını daima vermiş, ondan öz dəstəyini  əsirgəməmişdir. Çünki  xalq həmişə əmin idi ki, Lider atdığı hər addımında millətin marağını əsas tutacaq, verdiyi qərarlarda ən düzgün yolu seçəcəkdir.

Tarixin bütün sınaqlarında xalq özünə yalnız Onu rəhbər gördü. Millət ən çətin mərhələdə yalnız onun mövcud mürəkkəb situasiyalardan çıxış yolu tapacağına inandı. Dahi rəhbərə olan ümid boşa çıxmadı. Ölkəmizdə cinayətkarlıq və digər hüquq pozuntularının qarşısı alındı, ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dahi Liderin rəhbərlik etdiyi müddət ərzində Azərbaycan dövrün ağır və sərt sınaqlarından çıxdı, gələcək inkişaf strategiyası müəyyən edildi və onun həyata keçirilməsi üçün əhəmiyyətli addımlar atıldı.

H.Əliyev unikal şəxsiyyət idi. O, sahib olduğu saysız-hesabsız keyfiyyətləri, zəkası,  çoxillik diplomatik və idarəçilik təcrübəsindən məharətlə istifadə etməsi, peşəkarlığı, əzmi, müdrikliyi, səmimiyyəti, hələ əsrlər boyu böyük sevgi ilə xatırlayacağımız daha neçə-neçə məziyyətləri, ən əsası Azərbaycan üçün etdikləri ilə ruhumuzda, qəlbimizdə, nitqimizdə əbədi olaraq yaşayacaq.

 

                                                        İmmiyə Zamanova

                                             YAP Səbail rayonu Neftçilər prospekti 24

ərazi partiya təşkilatının sədri 

 

Digər xəbərlər