ADRA bu il də “Xəzəri qoruyaq!” adlı beynəlxalq kampaniyanın tərəfdaşı olub
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları “Xəzəri qoruyaq!” adlı beynəlxalq layihədə iştirak ediblər. Agentliyin mətbuat katibinin bu nəcib aksiyaya qoşulmaq barədə çağırış video-çarxının müxtəlif sosial platformalarda yayımından sonra əməkdaşlar Xəzəryanı sahil ərazilərini təmizləyiblər. Sentyabrın 1-dən başlayan aksiya Xaçmazdan Astarayadək bütün Xəzər çimərliklərini əhatə edib və sentyabrın 16-da yekun tədbirlə Bilgəh çimərliyi ərazisində yekunlaşıb. Layihənin məqsədi ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma prinsiplərinin təbliğidir. Aksiya zamanı toplanan tullantılar çeşidlənərək təkrar emala göndərilib.
Beynəlxalq kampaniya bu il Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) ilə yanaşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” ekoloji platforması və bir sıra yerli və beynəlxalq şirkətlərin tərəfdaşlığı ilə təşkil olunub.
Xatırladaq ki, son 30 ildə dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq!” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 55 hektardan çox ərazisi təxminən 45 ton məişət tullantısından təmizlənib.