ADRA nümayəndələrinin sahibkarlarla görüşləri davam etdirilir
Sahibkarlarla növbəti görüş Gəncə və Sumqayıt şəhərlərində baş tutub. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın (KOBİA) təşkil etdiyi iş adamları ilə görüşdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyini (ADRA) Gəncə Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müdiri Ramin Kazımov və Sumqayıt Regional Reklam İdarəsinin İcazə və razılaşdırma şöbəsinin müdiri Zaur Nəbiyev təmsil ediblər. “Reklam bazarında mövcud imkanlar və perspektivlər” mövzularında təşkil edilən görüşlərdə açıq məkanda reklamı olan və ya reklam yerləşdirmək istəyən sahibkarların sualları cavablandırılıb, maarifləndirmə məqsədilə onlara qanunvericiliyin tələbləri izah edilib. Qeyd olunub ki, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazəni onlayn formada Agentliyin İcazələr Sistemindən də əldə edə bilərlər. Eyni zamanda ADRA-nın rəsmi internet səhifəsindəki kalkulyator bölümü iş adamlarına reklamlarını yeləşdirməzdən əvvəl onun dövlət rüsumunu və yayım haqqını hesablamağa imkan yaradır. Qeyd edək ki, KOBİA-nın iş adamları ilə təşkil etdiyi görüşlərdə əsas məqsəd sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, onların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsidir.