Xəbərlər

ADRA bu il də “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasının rəsmi tərəfdaşıdır

7 Mart 2024, 12:00

 

  “Nargis” Fondunun təşkilatçılığı ilə yazın təravətini, baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası bu il də paytaxt sakinləri və qonaqlar üçün qapılarını açıb. Ənənəyə sadiq qalaraq yarmarka sponsorlarının maliyyə dəstəyi və orada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. “Nargis” Fondu tərəfindən təşkil olunmuş ən böyük xeyriyyə yarmarkası olan “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında bu il 35 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, Novruz bayramına aid müxtəlif konstruksiyalar və elementlər, balaca köşklər, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu evi, labirint otağı və müxtəlif tematik guşələr fəaliyyət göstərəcək. Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dadmaqla yanaşı, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xaqımızın sevimli bayramı - Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa bilərlər. Yarmarka aprelin 10-dək hər gün 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Digər xəbərlər