Xəbərlər

F. Adıgözəlov: “Monitor tipli reklam qurğularının vahid mərkəzdən idarə olunması təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”

13 May 2024, 15:50

 

    Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov Azərbaycan Reklamçılar İttifaqının İdarə Heyətinin sədri Samir Cəfərovla görüşüb. Görüşdə regionlardakı reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi, onların şəhərlərin estetik görünüşünə xələl gətirməməsi, təmiz və təhlükəsiz istismarı üçün atılmalı olan addımlardan danışılıb. “Şəffaflıq və əlçatanlıq əsas prinsiplərimizdəndir” - deyən ADRA-nın İdarə Heyətinin sədri bildirib ki, açıq məkanda reklam qurğuları olan operatorların üzləşdiyi bəzi çətinliklərin aradan qaldırılması, irəli sürülən təkliflərin reallaşdırılması üçün bü cür görüşlərin mütəmadi keçirilməsi vacibdir. Təhlükəsizlik baxımından ölkədəki monitor tipli reklam qurğularının vahid mərkəzdən idarə olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan sədr bu istiqamətdə müvafiq işlərə başlanıldığını qeyd edib. O, dövlət əhəmiyyətli tədbirlərdə, o cümlədən bu il baş tutacaq COP29 tədbirləri zamanı qarşılıqlı əməkdaşlığın vacibliyinə diqqət çəkib. Danışıqlar zamanı açıq məkandakı reklam sahəsində dünya təcrübəsinin öyrənilməsi və Azərbaycanda da tətbiqi üçün beynəlxaq əməkdaşlıqların artırılması tövsiyə olunub.

Digər xəbərlər