Xəbərlər

Reklam bazarındakı müasir çağırışlar, bu sahədə biznes fəaliyyəti və imkanlar müzakirə edilib

22 İyul 2024, 16:00

İyulun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də biznes assosiasiyaların və reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin məqsədinin reklam sahəsində biznes mühitini, burada olan mövcud imkanları və perspektivləri müzakirə etmək, sektorun problemlərini dövlət-sahibkar əməkdaşlığı platformasında birgə nəzərdən keçirmək olduğunu vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki,  Dövlət Reklam Agentliyi tərəfindən açıq məkanda reklam sahəsinin inkişafı məqsədilə daim innovativ addımlar atılıb. KOBİA- tərəfindən də bu istiqamətdə bir sıra təkliflər verilib, çoxsaylı görüşlər təşkil edilib. O həmçinin bildirib ki, qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qeyd edib ki, qurum tərəfindən göstərilən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq əsas hədəflər sırasındadır. Bildirilib ki, sahibkarlar açıq məkanda reklam yerləşdirərkən qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl etməlidirlər. Sədr həmçinin vurğulayıb ki, reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir. Müvafiq sahədə kibertəhlükəsizliyin təmin olunması məqsədilə ölkədəki monitor tipli reklam qurğularında yayımlanan reklamların vahid mərkəzdən idarə olunması məsələsi də aktualdır.   

Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Digər xəbərlər